AZ

Akademik sistemdə islahatlar: DİM səddi, AAK məngənəsi - TƏHLİL VƏ TƏKLİFLƏR

Bu günlərdə AMEA-nın Ümumi Yığıncağı keçirilib. Yığıncaqda iştirak edən Elm və Təhsil naziri Emin Əmrullayev son dərəcə mühüm bir açıqlama verib.

Nazir bildirib: “30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq".

Əvvəla, bu önəmli açıqlamanı həm məhz AMEA kimi nomenklaturlaşmış bir qurumda vermək cəsarəti göstərdiyi, həm də ölkəmizdə akademik fəaliyyəti doğru, çağdaş dünyaya məxsus bir yola çıxarmağa təşəbbüs göstərdiyi üçün Emin Əmrullayevə təşəkkür edirəm.

Bəli, Emin Əmrullayevi də, onun başçılıq etdiyi nazirliyi də zaman-zaman kəskin edir, xüsusən də ETN-ə tabe olan qurumlarda təhsilin mahiyyətini bilməyən, pedoqoji təcrübədən uzaq adamların rəhbər vəzifələrinə təyin olunmasına qarşı çıxıram. Ancaq bütün hallarda, Azərbaycanda təhsili məktəbə, elmi universitetlərə qaytarmalıyıq, bunun üçün də çağdaş dünya praktikasına istinad etməliyik.

Bəribaşdan deyim ki, dünyada elmi dərəcələrin və titulların (doktor, dosent, professor və s.) verilməsi və o adlardan istifadəsi ilə bağlı konkret bir mexanizm yoxdur. Bu, əsasən, elmi və tədris sisteminin strukturundan, habelə elmi dərəcələrin və titulların mahiyyətindən asılıdır. Ölkəmizdə bu məsələ “Təhsil haqqında qanun”dan və digər hüquqi-normativ aktlardan irəli gələn bir şəkildə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələrlə tənzimlənir. Bu əsasnamələr həm konseptual, həm hüquqi, həm də praktiki baxımdan müasir dövrün çağırışlarına cavab vermir, son dərəcə mürəkkəbdir və praktiki olaraq elmi fəaliyyətinin səmərəsizliyinə səbəb olur, hərçənd məzmununda bəzi mütərəqqi maddələr də var. Odur ki, biz bir məsələyə aydın cavab tapmalıyıq- elmi dərəcə və titullar kimə və nə üçün verilir?

Elmi dərəcə müstəqil tədqiqat aparmaq və elmi bilikləri genişləndirmək qabiliyyətinə malik olan şəxslərə verilir. Bu dərəcəni almaq istəyən namizəd doktorantura proqramını müvəffəqiyyətlə başa vurmalı, yeni biliklər yaratmaq məqsədilə yüksək səviyyəli elmi tədqiqat işi- dissertasiya müdafiə etməlidir. Bu dərəcənin verilməsində məqsəd şəxsin elmi-tədqiqat bacarıqlarını, onun müstəqil alim kimi fəaliyyət göstərməsi üçün statusunu təsdiqləmək, şəxsin elmi karyerasının yüksəlməsinə və öz bilik və bacarıqları ilə cəmiyyətin inkişafına töhfə verməsinə zəmin yaratmaqdır. “Fəlsəfə Doktoru” (PhD) ali təhsilin üçüncü pilləsinin (bakalavr, magistratura, doktorantura) tamamlanmasından sonra əldə edildiyindən həmin dərəcə ömürlük olmalıdır, hər hansı məhdudlaşmaya məruz qala bilməz. Əgər elmi iş müəllifin özü tərəfindən yazılmayıbsa, yaxud plagiat deyilsə, bu qəbildən olan problemlər aşkar edilmədiyi müddətdə PhD dərəcəsindən məhrum etmə müzakirə mövzusu belə deyil.

Elmi titullar (dosent, professor və s.) isə, elmi dərəcədən fərqli anlayışlardır, akademik cameədə fərqli məqsədlərə xidmət edir,onun verilməsi ilə bağlı tələblər də başqadır.

Əvvəla, elmi titul daha çox ali təhsil müəssisələrində tədris və rəhbərlik funksiyalarını yerinə yetirmək üçün verilir, bu üzdən də tədris və idarəetmə yönümlüdür.

İkincisi, bu titullar vəzifə ilə bağlıdır, şəxsin akademik vəzifəsinə əsasən müəyyən olunur. “Dosent” tədris və tədqiqat sahəsində orta səviyyəli akademik titul olduğu halda, “professor” akademik dünyada ən yüksək addır, bu adın arxasında elmi biliklərin yaradılması və yayılmasına əhəmiyyətli töhfələr vermiş bioqrafiya dayanır. Bir general orduda generaldır, təqaüdə çıxdıqdan sonra isə, “istefada olan general”dır. Professor da belədir və Qərb ölkələrində təqaüdə çıxmış professorlara “Emeritus Professor” adlanan şərəf titulu verilir.

Cəmiyyət olaraq önümüzdə dayanan ən aktual məsələdir ki, keçmiş sovet sisteminin akademik nomenklaturasından yaxa qurrata bilmir, elmi inkişafın mərkəzinə akademiyanı, yoxsa universiteti qoyacağımızı dəqiq müəyyən etmirik. Ona görə də təklif edirəm ki, AMEA hazırkı statusundan imtina edilməli və AMEA-nın institutları BDU, DİA, ADA, MİA, PU, “Qarabağ” kimi universitetlərə verilməlidir. Bu addım universitetlərin tədqiqat potensialını, institutların isə təhsilə inteqrasiyasını təmin etməklə Azərbaycanda elmin inkişafı üçün yeni dinamika yaradacaq.

Seçilən
23
aznews.az

1Mənbələr