Bybit kriptovalyuta birjasının Ethereum pul kisəsi sındırılıb. Şimali Koreyalı hakerlər 1,5 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar. Şirkət zərərin ödəniləcəyini açıqlayıb.
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Bybit irimiqyaslı kiberhücuma məruz qalıb. İlkin məlumatlara görə, 1,5 milyard dollar oğurlanıb. Oğurlanmış aktivlərin əksəriyyəti Ethereum (ETH) və ETH törəmələrindən ibarətdir. Ümumilikdə 401 mindən çox ETH hakerlərin əlinə keçib.
Hakerlərin oğurluğundan sonra kripto bazarlarda kəskin ucuzlaşma müşahidə olunub. Bitcoin 99 min dollardan 97 min 177 dollara, Ethereum 2 min 800 dollardan 2 min 675 dollara düşüb.
Bybit-in rəhbəri Ben Zhou haker hadisəsini təsdiqləyib. Ben Zhou hücumun necə baş verdiyi barədə təfərrüatları paylaşıb. B.Zhounun sözlərinə görə, Bybit-in çox imza sisteminə malik ETH soyuq pul kisəsindən isti pul kisəsinə köçürmə zamanı səlahiyyətli imzaçılara Safe şirkətindən gələn saxta interfeys göstərilib: “Bu saxta interfeys vasitəsilə imzalanan mesaj soyuq pul kisəsinin ağıllı müqavilə strukturunu dəyişdirdi və hakerlərə pul kisəsi üzərində nəzarəti ələ keçirməyə imkan verdi.”
Bybit hakerlərin izinə düşənlərə 140 milyon dollar mükafat
Kriptovalyuta birjası Bybit kibertəhlükəsizlik mütəxəssislərini hakerlərin izinə düşməyə çağırıb və onların tutulmasına kömək edənlərə 140 milyon dollara qədər mükafat vəd edib.
Bybit rəhbərliyi geri qaytarılan məbləğin 10%-ni mükafat kimi ödəməyə hazır olduğunu bildirib. Əgər kimsə oğurlanmış vəsaitlərin hamısını geri qaytara bilsə, 140 milyon dollara sahib ola bilər.
Orxan Vahidoğlu, "İki sahil"