AZ

Oyunlar və stadionlarla bağlı AÇIQLAMA

Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar gözlənildiyi kimi oyunların keçiriləcəyi bütün stadionlarda çətinliklər yaşanıb.

PFL-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, “Neftçi Arena”, “Liv Bona Dea Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu, Şamaxı şəhər stadionu, Zirə İdman Kompleksinin stadionu oyunlara hazır vəziyyətə gətirilib. Hamısı yüksək səviyyədə təmizlənib və oyuna yararlı duruma çatdırılıb. Komandalar dərhal qırmızı toplarla təmin olunub. Meydançalar qırmızı xətlərlə boyanıb.

"Klublarla birgə bir komanda olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni etdik.

Ən böyük qar kütləsi Şamaxıda qeydə alınmışdı. Klub rəhbərliyinə və yerli icra orqanlarına xüsusi təşəkkür edirik. Hətta oyundan öncəki məşq üçün belə şərait yaratmağa nail oldular. Sadəcə axşam saatlarında yenidən qar yağdığına görə çətinlik yarandı. Səhər saatlarından etibarən klubla daim əlaqədəyik və təşəkkür edirik ki, stadionu tam təmizləyə biliblər. Yeganə problem yayımla bağlıdır. “CBCSport” telekanalının əməkdaşları və VAR maşını dünənki matçlarla əlaqədar oyun günü səfərə yollandığından təhlükəsizlik səbəbindən geri qayıtmalı oldular. Xüsusi qeyd etmək istərdik ki, VAR sisteminin olmaması və matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz. Dəfələrlə ölkəmizdə, eləcə də dünyanın bir çox çempionatlarında oyun zamanı VAR-ın çalışmamasının şahidi olmuşuq, amma oyun dayandırılmayıb. Və ya havanın dumanlı olması səbəbindən televiziya vasitəsilə tamaşaçıların izləməsi demək olar mümkünsüz hala gəlsə də, aşağı qatda, yəni meydançanın üzərində, hakimin görüş məsafəsində heç bir problem olmadığından oyun davam etdirilib. Bir daha qeyd etmək istərdik ki, oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir. Meydançanı nəzərdən keçirir, topun hərəkətini, hava şəraitinin futbolçuların sağlamlığına zərər vurma ehtimalını nəzərə alır və nəticə çıxarır. Əgər ciddi narahatlıq olarsa, matç təxirə salınır.

VAR sistemi ilə bağlı narahatlıqlara gəldikdə isə qeyd etmək istərdik ki, idman prinsiplərinin qorunması əsas tutularaq, hər mövsüm çempionatın son turlarında avrokuboklara yollanma və aşağı liqaya düşmə ehtimalı olan komandalar üçün həssaslıq nəzərə alınaraq, bütün oyunlar eyni gündə və eyni saatda start götürür. Bu zaman isə oyunların bəziləri “CBCSport” kanalı vasitəsilə canlı yayımlanmır və VAR sistemi tətbiq olunmur. Bu hal bu mövsümün də sonunda yaşanacaq. “Şamaxı” və “Turan Tovuz” komandalarına bugünkü oyunda uğurlar arzu edirik", - məlumatda deyilir. 

Seçilən
1
50
unikal.az

10Mənbələr