AZ

Canım Bakı, yazıq Bakı… -Bu qarın sənə yaraşan vaxtı olacaqmı?

Bakı qara yenə təslim oldu. Gözlənilən də bu idi. Paytaxt sakinləri zatən hər cür vəziyyətə alışıqdır. Bilirlər ki, qay yağdısa, yollar da, su boruları da buz bağlayacaq. Səkilərdə hərəkət etmək də qol-qıçın sınması bahasına başa gələ bilər, Hacıbala Abutalıbovun illərlə səkilərə, parkların ərazisinə döşədiyi mərmərlər səbəbindən. Sakinlər bunu da bilir ki, göy üzünü bozartdısa, evdən işə getməyə, işdən evə qayıtmağa avtobus tapılmayacaq. Necə ki fevralın 21-i səhər yaşanıb. 

Qar yağdı, avtobuslar xəttə çıxmadı

Bir sıra avtobusların fəaliyyətində ciddi problemlər yaranıb. Sərnişinlər saatlarla yollarda qalıb, avtobuslar ya uzun müddətli gecikmə ilə gəlib, ya da ümumiyyətlə, gəlib çıxmayıb. Məsələn, sosial şəbəkələrdə yayılan məlumatlarda 77 saylı marşrut xətti ilə hərəkət edən avtobusu sərnişinlər dayancaqda uzun müddət gözləməli olublar. "Qaynarinfo"nun məlumatına görə, ən çox problemlər Yeni Yasamal-İçəri şəhər metrosu istiqamətində hərəkət edən "Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 77 nömrəli müntəzəm avtobus marşrutunda və Yeni Yasamal - Parlament prospekti istiqamətində hərəkət edən avtobuslarda yaranıb. Fevralın 21-i səhər saat 6:00-dan 7:30-a kimi bu xətt üzrə hərəkət edən avtobuslar reysə çıxmayıb. Nəticədə minlərlə sərnişin küçələrdə qalmalı olub. Yollar qar və buzdan təmizlənsə də, sözügedən avtobusların xəttə buraxılmaması narazılıqlara səbəb olub. Səhər saat 7:30-dan sonra hər iki xətt üzrə cəmi 4 avtobus istismara buraxılıb. 6 saylı marşrut xətti ilə hərəkət edən avtobusun xidmətindən də sərnişinlər daim narazılıq edir. Bu avtobuslar “Azadlıq" metrostansiyası- 20-ci sahə marşrutu üzrə işləyir. Xəttin uzunluğu 38 km-dir. Sərnişinlər avtobusu bəzən 30 dəqiqə, bəzən daha artıq gözləməli olurlar. 250 saylı marşrutla hərəkət edən “BakuBus” avtobusları isə, sanki ümumiyyətlə, xətdən çıxarılıb, sərnişinlər “250”ni az qala 250 dəqiqə gözləməli olur. 

“Duz, qum, texnika…”  mifdir? 

Avtobusların gecikməsinin səbəblərindən biri, əlbəttə qeyri-sabit hava şəraiti, qarın intensiv yağmasıdır. Təbii ki, yollar qardırsa avtobusun, eləcə də digər nəqliyyat növlərinin hərəkətində çətinlik yaranacaq və hərəkət mümkünsüz olacaq. Bu, bəlli. Bəlli olmayansa hər dəfə payız-qış mövsümü öncəsi əlaqədar qurumların qışa hazırlıq hesabatlarında əksini tapan məqamlardır. Qurumlar daim qışa hazırlıq görüldüyünü, qum, duz ehtiyatının lazımi qədər olduğunu, qartəmizləyən, qar kürüyən texnikanın hazır dayandığını bildirir, qar yağanda isə əhali, vətəndaş bu hazırlığın heç bir nəticəsini görmür. Yoxdur, çünki. Nə qar təmizləyən var, nə kürüyən. Uzaqbaşı, 5-6 qadının əlinə bel verib yol kənarına çıxarır, kommunal təsərrüfatı birlikləri, onlar da əlləri dona-dona yollardakı qarı səkilərə tərəf kürüyürlər. Fevralın 20-si səhərdən başlayan və axşama doğru güclənən qarın magistral yollarda da təmizlənməməsi xüsusən Bakıya girişdə sürücülər üçün çox ciddi təhlükəli vəziyyət yaradıb. Axşam və gecə saatlarında paytaxt yollarında hərəkət etmək mümkünsüz olub. Niyə texnika yollara çıxmayıb, qarı təmizləməyib? Əgər aidiyyəti qurumlar hesab edirsə ki, qarlı havada hamı evində olmalıdır, demək ki, özlərini düşünürlər. Gecə növbəsinə işə gedən, axşam işdən çıxıb evinə qayıtmaq istəyən insanlar var bu şəhərdə. Amma yox, bunu nəzərə alan kimdi?!. 

Agentliyin qəribə bəyanatı 

İnsanların, avtomobillərin hərəkət edə bilmədiyi bir gündə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına baxaq: “Ölkə ərazisində müşahidə edilən yağıntılı (?! – M.R.) hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”. Yəni insan deməyə həqiqətən də söz tapmır. Qardaş Türkiyədə hava qarlıdırsa, məktəblərin tətilə buraxıldığı elan edilir və hava şəraiti yaxşılaşacağı halda məktəblərin fəaliyyətinin bərpa ediləcəyi bildirilir. İnsanlar yola çıxıb saatlarla avtobus gözləyir, yollar qar, avtobuslar işləmir, nəqliyyatın hərəkəti iflic olub, Agentlik deyir “ciddi azalma müşahidə edilmir”, “təhlükəsizlik tədbirlərinə riayət etsinlər”. Nədən ibarətdir təhlükəsizlik tədbirləri? Valideyn bu qarlı havada övladını məktəbə göndərməli və təhlükəsizlik məqsədilə də çəkmənin üstündən corab geyindirməlidir? Bizim orta məktəblərdə ilin normal vaxtı davamiyyət aşağıdır, şagirdlər repetitor yanına gedir, məktəbin vəzifəsini repetitorluq üzərinə götürüb, ciddi, şəffaf yoxlama aparılsa, 9-XI sinif şagirdlərinin 90 faizini məktəbdə tapmazlar, amma qarlı havada “təhlükəsizlik baxımından dərslərə məcburi fasilə verilir” kimi normal, qəbuledilən, anlaşılan bəyanat vermək əvəzinə, “davamiyyətdə ciddi azalma müşahidə edilmir”, deyirlər.    

Yollar vaxtında, dərhal təmizlənməlidir ki…
     
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında bildirdi ki, ictimai nəqliyyatın işində dayanmalar, gecikmələrin yaranmasının ən əsas səbəbi yolların vaxtlı-vaxtında qardan təmizlənməməsi, avtomobillər üçün təhlükəsiz hərəkətin təmin edilməməsidir: 

- Problemlər bir neçə səbəbdən yaranır. Baxın, sərnişinlərin narazılıq etdiyi avtobuslar 38-40 km uzunluğu olan marşrut xətləridir. Xətt bu qədər uzundursa, xəttə ən azı 20 avtobus buraxılmalıdır ki, vaxtlı-vaxtında dayanacaqlara çatsınlar, gecikmələr olmasın, sıxlıq yaranmasın. Amma cəmi 10 avtobus buraxılır xəttə. Əksinə, uzunluğu nisbətən qısa olan xətlərə daha çox avtobus buraxılır, 5-10-15 dəqiqə intervalla hərəkət edirlər. Yol qısa olduğundan mənzil başına tez çatır, geri dönüş edə bilirlər. Deməli, uzunluğu böyük olan xətlərə daha çox avtobus buraxılmalıdır ki, gecikmələr olmasın, interval böyüməsin. Belə olan halda əlbəttə, avtobuslar arasında intervallar da artır, vətəndaşlar da saatlarla dayanacaqlarda gözləməli olurlar. Ümumiyyətlə, marşruta buraxılan avtobusların sayı azdır. Bunu müvafiq qurumlar özləri də etiraf ediblər. Sırf avtobus çatışmazlığı səbəbindən məsafə artır, vətəndaşlar dayanacaqlarda çox gözləməli olurlar. Bu heç də ürəkaçan hal deyil. Hökumət istəyir ki, əhali ictimai nəqliyyata daha çox üstünlük versin. Eko-sistemin yaxşılaşdırılması məqsədilə Bakıda fərdi avtomobillərdən istifadə azaldılsın, vətəndaşlar daha çox ictimai nəqliyyata üstünlük versin. Lakin sadaladığımız bu hallar həmin məqsədə çatmağa imkan vermir. Əslində, bir neçə ay ərzində bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə marşruta buraxılan avtobusların sayını artırmaq lazımdır. İctimai nəqliyyatda işləməyi bacaran özəl daşıyıcı şirkətləri cəlb etmək lazımdır.

Avtobuslar 21:30-dək işləyəcək. Bəs sonra? 

AYNA ictimai nəqliyyatın işini daha tez başa vuracağı barədə xəbərdarlıq edib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilir ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər. “Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub. Daha sonra qeyd olunur ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilib. “Sürət həddi hava şəraiti nəzərə alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik. Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək. Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik”. Bəs, 21:30-dan sonra işdən çıxanlar neyləsin?.. Yəqin taksi xidmətindən istifadə etməli olacaqlar. Sayı azalan, qiyməti qalxan taksilərdən. 
Seçilən
16
50
sherg.az

10Mənbələr