AZ

Qaçaq Nəbi ilə Həcərin həyatını yaşayan şabranlı CÜTLÜK – Onlara “şah” toyu etdilər – FOTO

Nəbinin bığları  eşmə-eşmədi,
Papağı güllələn deşmə-deşmədi.
Nəbinin atını heç at keçmədi,
Qoy sənə desinlər ay qaçaq Nəbi,
Həcəri özündən qoçaq ay Nəbi.

Məşhur dastandan olan bu bir bənd şeiri Şabranın Zeyvə kəndindən olan, bu günlərdə 98 yaşı tamam olan Zülfüqar babaya və ömür-gün yoldaşı, 95 yaşlı Bahar nənəyə aid edilir. Qaçaq Nəbi ilə Həcərin həyatını Zülfüqar və Bahar Novruzovlar 1988-ci ildə Ermənistandan məcbiri qaçaq düşməklə yaşayıblar.

Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Hollavar kəndindən Azərbaycana pənah gətirən Novruzovlar cütlüyü Şabran rayonunun Zeyvə kəndində məskunlaşıblar. Zeyvə kəndində eşmə bığları və zəhmətkeşliyi ilə tanınan Zülfüqar baba mal-qara saxlamaqla məşğul olub. 

Bu kənddə yerli əhali ilə qaynayıb qarışan Zülfüqar Növruzov Həcərə bənzətdiyi Bahar xanımla nə az, nə çox, düz 10 övlad - 7 qız, 3 oğul böyüdüblər.

Övladları bu günlərdə valideynlərinə gözəl bir sürpriz edib. 

Qızı Pərişan Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, cütlüyün ovladları və nəvələri onlara “şah” toyu ediblər. Şadlıq evlərinin birində Zülfüqar və Bahar Növruzovların ailə qurmalarının 75 illiyi münasibəti ilə əzizləri onlara Qərbi Azərbaycan adət-ənənəsi ilə "şah"toyu ediblər.


Toya təkcə doğmaları deyil, həmkəndliləri, yaxınları, tanınmış aşıq və incəsənət ustaları, musiqiçilər də dəvət olunub. Bir sözlə cütlüyə şaha layiq şənlik keçirilib: 


“Atamla anam şəhərdə yaşamağı sevmirlər. Kəndi, orada iş-güc görməyi çox sevirlər. Onları Bakıya güclə, xahişlə-minnətlə gətirə bildik. 4 gün əvvəl atamla anamı geyimli-gecimli birbaşa şadlıq evinə gətirdik", - deyə qızları qeyd edib. 

Nəvəsi Salatın Məmmədovanın sözlərinə görə cütlük onların bu təşəbbüsünə çox seviniblər: 

“Nənəmlə babam çox sevindilər, kəndlilərimizi gördülər, söhbətləşdilər. Hazırda hava şəraitinə görə Bakı şəhərində olan "şah"toyunun səbəbkarları Şabrana qayıda bilmirlər. Amma kəndə qayıdacaqları günü çox gözləyirlər, çünki mal-qaranı qonşuya tapşırıb gəliblər. 95 yaşlı Bahar nənəm inanmazsınız bayatı zümzümə edə-ed, .bu yaşında inəyi  özü sağır, iynəni özü saplayır, eynəkdən istifadə etmir", - deyə Salatın xanım əlavə edib. 


Evliliklərinin 76-cı ilinə qədəm qoyan Zülfüqar və Bahar Novruzovların 10 övladından 50 nəvə və 35 nəticələri var. Cütlüyün ən böyük arzusu isə 100 yaşları tamam olanadək doğma Böyük Qarakilsəyə, doğulduqları Hollavara getməkdir. Bunun üçün Qərbi Azərbaycan icmasından və ən əsası ölkə başçısından şad xəbər gözləyirlər. 

Onu da qeyd edək ki, yaşlıların “şah” toyunda həmçinin Zülfüqar və Bahar Novruzovların qızının 65, nəvəsinin isə 35 yaşı da qeyd olunub. 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
3
1
bizim.media

2Mənbələr