Bakı, 24 fevral, AZƏRTAC
Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzusunda intensiv praktiki seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) təşkilatçılığı ilə "Radisson Hotel Baku" mehmanxanasında baş tutub.
Tədbirin açılış mərasimində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının idarə heyətinin sədri Fərid Məmmədov çıxış edib.
Seminarda sərgi təşkilatçıları, stend qurucuları, ASTA-nın üzvləri və sponsor şirkətlərin nümayəndələri iştirak ediblər.
Artıq 6-cı dəfədir ki, baş tutan seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara "özünə kənardan baxmaq" imkanı yaratmaq, sərgilərə hazırlıq zaman; ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır.
İntensiv praktiki seminarı 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlimlər keçmiş "EkspoEffekt" sərgi konsaltinq agentliyinin baş direktoru Nikolay Karasev aparıb.
Təcrübəli mütəxəssis iştirakçılara real hallardan və nümunələrdən istifadə edərək sərgilərdə effektivliyi artırmağın yollarını nümayiş etdirib. Seminar 2006-cı ildən bəri 25000-dən çox iştirakçıya xidmət göstərib və yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.
İştirakçılar üçün təşkil edilmiş "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzulu seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkili, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə olunub.
Stend qurucularına həsr olunmuş “Sərgi stendlərini necə yaratmaq və satmaq olar” mövzulu seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumatlar verilib.
Seminarda sərgi iştirakçıları öz uğur hekayələrini, sponsor şirkətlər isə uğurlu təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.
Qeyd edək ki, Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) aktiv şəkildə tədbirlər təşkil edir və bu, 2025-ci ildə keçirilən artıq ikinci tədbirdir.