AZ

Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.


News365.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə təşkil olunan anım tədbiri Xocalı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut və faciəni əks etdirən qısa filmlə başlayıb.


TADİV- in sədri, Türkiyə Respublikası Prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvü Aygün Attar çıxışında Türkiyə Böyük Millət Məclisinə (TBMM) hər il Xocalı şəhidlərini anma tədbirinə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib. A.Attar Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğunu qeyd edib.



Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xocalı soyqırımını ermənilərdə formalaşmış türklərə qarşı nifrət ideologiyası ilə əlaqələndirib, XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Anadoluda ermənilər tərəfindən törədilmiş qətliamları xatırladıb. Diplomat qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri millətimizə qarşı törədilmiş soyqırımları dünyaya obyektiv şəkildə çatdırmaqdır.


Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Xocalıda baş verən soyqırıma dünyanın göz yumduğunu təəssüflə qeyd edərək, soyqırımın heç vaxt unudulmayacağını ifadə edib. Azərbaycanın torpaqlarını işğaldan azad edərək şəhidlərin qanını yerdə qoymadığını ifadə edən millət vəkili Qafqaz bölgəsində davamlı sülhə nail olmaq üçün Ermənistanın öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.


Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının həmsədri Həsən Həsənov Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Türkiyənin mətbuat nümayəndələrinin rolunu xüsusi qeyd edib, Azərbaycanın ağır günlərində Türkiyə tərəfindən göstərilən yardımlardan danışıb.

Daha sonra çıxış edən TBMM millət vəkilləri Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu, soyqırımın yalnız Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədilidiyini qeyd ediblər və soyqırımın beynəlxalq səviyyədə tanınması üçün çalışmağa davam edəcəklərini bildiriblər.

Anım tədbirinin davamında Xocalı soyqırımına həsr olunmuş panel təşkil olunub.



Paneldə Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Ombudsmanı Mehmet Akarca Xocalı soyqırımının hüquqi və insani yönlərinə diqqət çəkiblər.


S.Əliyeva Ermənistanın insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyaları pozaraq Xocalı soyqırımını törətdiyini bildirib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsindən sonra faciəyə hüquqi qiymət verilib. Ombudsman, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət” kampaniyası barədə məlumat verib.


M.Akarca Türkiyənin Ombudsman Aparatının Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə etdiyi səfərlərdən danışıb, bununla bağlı hesabatın hazırlanaraq beynəlxalq tərəfdaşlara təqdim edildiyini bildirib.

Seçilən
12
9
news365.az

10Mənbələr