AZ

Boşanmaların sayı niyə artır?- “Cəmi 1 faiz hallarda qadınlarda səhv olur, o da kişinin yetərsizliyi ilə əlaqədardır”

“Azərbaycanda boşanmaların sayının getdikcə artmasının bir sıra səbəbləri var. Birinci ən vacib səbəb odur ki, insanlar müasir dünyada yaşayıb qaydalarına riayət etmək istəmirlər. İndi əvvəlki zəmanə deyil, ailələrdə fərqli problemlər ortaya çıxır. Hansı ki, onlarla valideynlər vaxtilə rastlaşmamışdı. İnkişaf etmiş ölkələrdə buna görə psixoloqlara müraciət edirlər. Hansı ki, davamlı ailə terapiyaları vasitəsilə ailələrin kriz nöqtələrini yaşamağa kömək edilir, boşanmaların qarşısı alınır. Dünyagörüşlü cütlüklər bunun nə demək olduğunu anlayır və ailələrini qoruyub saxlamaq üçün mütləq terapiyalara müraciət edirlər. Ancaq bəzi inkişafdan uzaq, problemlərini “yumruq” vasitəsilə həll etmək istəyənlər nəticədə boşanırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər deyib.

Psixoloq təəssüf hissi ilə bildirib ki, nə qədər acınacaqlı olsa da əvvəllər qadınlara özlərini tam şəxsiyyət kimi hiss etməyə imkan verilmirdi, onlar alçaldılırdı və söz hüququna malik deyildilər:

“Ancaq müasir zəmanədə artıq qadınlar öz hüquqlarını bilirlər. Bu da hərkəsə sərf etmir. Nəticədə görünən odur ki, ailələrin boşanma sayı artır. Bu səbəbdən hər zaman boşanma mənfi hall kimi qiymətləndirilmir. Təəssüf ki, elə ailələr var ki, orda qadının ölməməsi, uşaqların intihar etməməsi üçün boşanma vacibdir. Ona görə də ailə qurularkən sağlam bünövrə üzərində qurulmalıdır. Ailədə sevgi, istək, hörmət olmalıdır. Hesab edirəm ki, nikah, kəbin zamanı dövlət tərəfindən tibbi analizin tələbi ilə yanaşı, psixoloji analizin də nəticələri tələb edilməlidir. Fərdi qaydada bir çox cütlüklər ailə qurmamışdan əvvəl konsultasiyaya gəlirlər. Ancaq bu, bir çox insanlara aid deyil. Ona görə də hesab edirəm ki, bu halların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir. Subay gənclər, artıq ailə qurmuş cütlüklər ailə dəyərlərini düzgün tanımalıdır. Ailə qurularkən sevgi, istək faktorları mütləq olmalıdır. Bəzən kişilər sevmədiyi qadınla ailə qurub, öz istədiyi qadınla isə kənarda görüşür. Bu hallara yol verilməməlidir”.

E. Əkbər öz təcrübələrinə əsasən bildirib ki, ailə boşanması bir kişi üçün faciədir:

“Bu günə qədər ailə boşanmalarının 99 faizində qadın özünün və övladlarının canını qutarır. Cəmi 1 faiz hallarda qadınlarda səhv olur, o da yenə də kişinin yararsızlığı, yetərsizliyidir. Bir çox hallarda kişilər ya vaxtilə özünə uyğun qadınla ailə qurmurlar, ya da yoldaşını incidərək sonradan xarakterinin dəyişməsinə səbəb olurlar. Boşanmış kişilər yetərsizdirlər. Ancaq bu, qadınlarda hər zaman belə olmur. Hələ indiyə kimi konsultasiyamda iştirak edən hansısa bir qadın boşandığına görə peşman olduğunu deməyib. Ancaq kişilərin bir çoxu boşandıqdan sonra çox peşman olur. Bura Azərbaycandır və reallıq bundan ibarətdir ki, boşandıqdan sonra ata uşağını itirmiş olur. Gənclərə tövsiyəm odur ki, öz xarakterinə uyğun, sevdikləri, onlara hörmət edən insanlarla ailə qursunlar. Evlənməyə tələsmək olmaz. Cütlüklər biryerdə daha çox vaxt keçirdikdən sonra ailə qurmalıdır. Bir də təkrarən demək istəyirəm ki, münasibətdə ən vacib detal hörmətdir. Sizə hörmət etməyən insan sizi sevə bilməz, sadəcə kukla kimi bəyənə bilər. Sevgidə hörmət mühüm rol oynayır, münasibətdə də, evlilikdə də ən vacib detal budur. Ailə isə güzəşt, kompromis, azadlığın böyük bir hissəsini itirmək deməkdir. Bunları dərk edərək ailə qurulmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
58
21
editor.az

10Mənbələr