Prezident İlham Əliyev “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alınıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;
- emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası;
- emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğunlaşdırılması;
- Sərəncamda qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması;
- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili.
Nazirlər Kabineti, həmçinin, dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməli, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.