Fevralın 23-də keçirilən seçkilərdən sonra ifrat sağçı “Almaniya üçün Alternativ”in (AfD) yeni parlament fraksiyasına bu partiyanın keçmişdə nasizmlə bağlı qalmaqallı bəyanatları ilə seçilən və partiya daxilində dərin daxili qarşıdurmalara səbəb olan ən odioz iki nümayəndəsi daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb. Söhbət iki sağçı ekstremist deputatdan - Matias Helfferiçdən və Maksimilian Kraxdan gedir.
Əvvəlki AfD parlament fraksiyasının üzvü olmayan Helfferiçin hələ də partiyadan xaric edilməsi məsələsinə baxılır.
Özünü “Nasional Sosializmin dost siması” adlandıran siyasətçi partiya yoldaşlarını təhdid etməkdə və miqrasiya mənşəli Almaniya vətəndaşlarını deportasiya etməyə çağırmaqda ittiham olunur.
Şimali Reyn-Vestfaliya regional qrupu bir gün əvvəl Helferiçin fraksiyaya daxil olub-olmaması məsələsini müzakirə edib. Ancaq çərşənbə axşamı o, fraksiyaya qoşulub və heç bir deputat buna etiraz etməyib.
Helferiç “vətənpərvər mədəniyyət siyasəti” aparmaq üçün mədəniyyət məsələləri üzrə komitəyə daxil olmaq istəyir.