Kulis.az Günel Novruzun "Səs Azərbaycandı, kəs ingilis" köşəsini təqdim edir.
İtv-də yayımlanan "Səs Azərbaycan"musiqi yarışmasının növbəti mövsümü başlayıb.Həvəslə gözləyirdim.O qədər həvəslə ki, işin-gücün başını buraxıb popkorn da partlatmışdım, çips almışdım. Ancaq sağ olsunlar, burnumdan gəldi.Bu cür səs yarışmaları dünyada məşhurdur, bilirsiniz. Düzünü deyim, mən ilk dəfə “O səs Türkiyə” yarışmasını görmüşdüm, sonra öyrəndim ki, bu formatda yarışma ilk dəfə Avropada təşkil edilib və hələ də davam edir. Özü də, aşağı-yuxarı hər yerdə eyni vaxtda başlayır. Adam bilmir, hansına baxsın. Ancaq əlbəttə ki, mən bir azərbaycanlı kimi “Səs Azərbaycan”ı seçdim.
“Səs Azərbaycan”2021-ci ildən yayımlanmağa başlayıb.Münsiflər heyəti müxtəlif mövsümlərdə tanınmış Azərbaycan musiqiçilərindən ibarət olub.Yarışma Azərbaycanda böyük maraqla qarşılanıb və istedadlı ifaçılara səhnəyə çıxmaq imkanı verib.Məlumatlandıq, öyrəndik. Lap yaxşı. İndi deyim, biləsiniz ki, mənim burnumdan gələn nədir.Hə, dedim axı, işin-gücün başını buraxıb popkorn da partlatmışdım, çips də almışdım.Ancaq iki-üç nəfərdən başqa Azərbaycan dilində oxuyan, Azərbaycan mahnısı oxuyan iştirakçı görmədim.Guya siz ingilissiniz?Yoxsa holland?Niyə belə eləyirsiniz ki? Məqsədiniz nədir?Yoxsa xarici dildə oxuyanda dünyaya çıxırsınız, dünya şöhrətli olursunuz? Ya elə bilirsiniz, xarici dildə oxuyanda sənət olur, bizim dildə oxuyanda “bozbaş”?
Yox e, bilirik də, hə, musiqinin dili, dini, irqi, cinsiyyəti yoxdur, bilirik.Fərq odur ki, məsələn, Türkiyədəki yarışmada kimsə Azərbaycan dilində, yaxud başqa bir dildə oxuyursa, həmin performans rəng kimi, ekzotika kimi qiymətləndirilir, bizdə isə, deyəsən, bizə ingilis dili doğma dildir, Azərbaycan dili ekzotika kimi... “Deyəsən”siz, elə görünür. Mən elə gördüm.
Ay yazıqlar, siz bilmirsiniz ki, bizim dünyaya çıxara biləcəyimiz tək dəyərimiz məhz musiqimizdir?Nədir, bizim dildə yazılmış, bizim dildə bəstələnmiş mahnılarda səsinizin imkanlarını göstərə bilmirsiniz?
Məsələn, hansı ingilisdilli mahnıda olan xüsusilik sizi bizim mahnılardan döndərir?O mahnıların sözümü, özümü?Biabırçılıqdır bu.
İngilis kimi geyinmək olar, holland kimi bəzənmək olar, ancaq mahiyyət etibarilə Con deyilsən, Culiya deyilsən axı.
Yaxşı, ən ingilis sənsən!
Ən çox ingilis sənsən!
Eldardan ingilisi yoxdur!Ümumiyyətlə, sən hələ qanmırsan ki, dünyaya məhz ekzotika kimi maraqlısan!İngilis dilini bilirsən, lap yaxşı, lap əla, ancaq sən o dillə bir ingilisi heyrətləndirə bilməzsən axı! Başa düşürsən, nə deyirəm, ay mənim ingilisim...
Biabırçılıqdır!
Münsiflərə baxın hələ. Biri dinmədi e. Biri demədi ki, ay bacım, ay qardaşım, niyə belə eləyirsiniz?
Özümüzdən, öz dilimizdən, öz mahnılarımızdan utanırıq yoxsa?
Mən bu rəzilliyə cavab tapa bilmirəm e!
Bilmirəm, bu cahilliyi, nadanlığı, nadürüstlüyü necə adlandırım ki, xətrinizə dəyməsin...
Lap elə dəysin.