AZ

Yasamalda şadlıq evinin fəaliyyəti dayandırılıb

Bakı, 26 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilmədiyi məlum olub. Həmçinin elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülmədiyi, standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunduğu müəyyən edilib. Bundan başqa, yanar materiallardan olan bəzək əşyalarının mövcud olduğu, müəssisənin odsöndürən balonlarla tam təmin edilmədiyi, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, təxliyə planı mövcud olmadığı, pilləkən qəfəsində anbar otağı quraşdırılmadığı, pəncərələrə metal barmaqlıqlar quraşdırılmadığı aşkarlanıb. Məlum olub ki, şadlıq evinin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə bilər.

Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İdeal” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Seçilən
159
49
azertag.az

10Mənbələr