AZ

Xocalı faciəsinin 33-cü ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunub

Şəki, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin otuz üçüncü ildönümü Şəki rayonunda da silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri ilə görüş təşkil edilib.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova çıxışında Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olub. Həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının böyük əhəmiyyəti var.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb.

Tədbirdə Xocalı şəhər 3 və Şəki şəhər 5 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Sonra Xocalı faciəsinə həsr edilmiş sənədli film nümayiş olunub.

Xocalı soyqırımının otuz üçüncü ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində fevralın 26-də Şəki şəhərindəki Çingiz Mustafayev adına klubda “Xoca” filmi nümayiş olunub. Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Seçilən
44
49
azertag.az

10Mənbələr