Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Elmi kitabxanada Xocalı Soyqırımına həsr olunmuş guşəyə baxış keçirilib və Akademiyanın məzun şəhidlərinin xatirəsi anılıb. Daha sonra Akt zalında keçirilən tədbirdə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev qeyd edib ki, Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
O, qeyd edib ki, uzun illərdir Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparılıb.
Bütün dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımının mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib və 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. O, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb.
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb.
O, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərqərar olduğunu, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğunu bildirib.
Tədbir Akademiyanın tələbələrinin hazırladıqları “Bir gecənin yaddaşı-Xocalı” adlı bədii hissə ilə davam edib.