Ədliyyə Nazirliyində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Nazirlikdən bildirilib ki, əvvəlcə ədliyyə naziri Fərid Əhmədov və müavinləri, həmçinin qurumun əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.
Sonra Ədliyyə Nazirliyində Xocalı faciəsinin anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlanılıb. Daha sonra tədbirdə çıxış edən nazir müavini Abiddin Hüseynov Xocalı faciəsi, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi kütləvi qırğından bəhs edərək bildirib ki, Azərbaycanın şanlı Ordusunun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində əldə olunan qələbə ilə Xocalı faciəsinin qurbanlarının qisası alındı.
Tədbirdə iştirak edən millət vəkili Ceyhun Məmmədov Xocalı faciəsinin dünyada insanlığa qarşı törədilən cinayət olduğunu deyib. O qeyd edib ki, ermənilər əsrlər boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçiriblər. 20-ci əsr boyu dönə-dönə təkrarlanan soyqırımı aktlarına hələ də beynəlxalq səviyyədə lazımi hüquqi qiymət verilməməsini təəssüf hissi ilə bildirib.
Xocalı faciəsinin şahidi, Xocalı sakini Pərvanə Məmmədova faciə baş verən zaman yaşadıqlarından, “Böyük Qayıdış” Dövlət Proqramına əsasən işğaldan azad edilən ərazilərə qayıtmaqla təsəlli tapdıqlarından bəhs edib.
Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilib və Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalıda Azərbaycan Bayrağının dalğalanması faciə qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir./teleqraf
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta