Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
Bu barədə News24.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".
xxx
Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat yayıb.
İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
xxx
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360kv.m. olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.