
İmişli və Abşeronda zəbt edilən müxtəlif növ hasilat işləri ilə bağlı cinayət işi başlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli və Abşeron rayonları ərazisində vəzifədən sui-istifadə etməklə yerin təkinin istifadə qaydalarının pozulması, qanunsuz hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurulmaqla gizli olaraq talanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
“Araşdırmalarla İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağında “Azqum” MMC, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında Rövşən Feyziyev və Anar Xəlilova məxsus karxananın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətindən sui-istifadə etməklə torpaq sahələri zəbt edərək qanunsuz hasilat işlərinin aparılması, həmçinin Abşeron rayonunun Pirəkəşkül kəndinin ərazisində qeyri-aşkar şəraitdə qanunsuz olaraq hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurmaqla gizli olaraq talanması nəticəsində təbiətə 628 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.