AZ

Xalqımıza qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 27-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər – Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

İclasın əvvəlində hakim Zeynal Ağayev məhkəmə prosesinə erməni dilinə yeni tərcüməçi qoşulduğunu elan edib. Tərəflər tərcüməçiyə etiraz etməyib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər.

Məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan ifadə verib. O, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar hərbi müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı həyata keçirilən çoxsaylı cinayət əməllərinin törədilməsində iştirak etdiyinə görə ittiham olunur.

A.Qukasyan deyib ki, Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi: “Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”.

O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər “keçmiş prezident” Bako Sahakyanla birgə Arayik Harutyunyanla görüş tələb elədik.

Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.

A.Qukasyan iddia edib ki, Qarabağ ərazisində heç bir muzdlu olmayıb: “Müdafiə Nazirliyi və Ermənistan ordusu olub, hansı ki, Ermənistan Respublikası tərəfindən maliyyələşdirilirdi”.

Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan ifadə verib. O, istintaqın gedişində hüquqlarının təmin olunduğunu bildirib: “2023-cü il oktyabrın 3-də bizi – məni, Arkadi Qukasyanı Qarabağdan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına gətirdilər. Həmin gün Bakı 12 saylı vəkil bürosunun vəkili Nigar Mirbabayeva Azərbaycan Respublikası tərəfindən mənim hüquqlarımı müdafiə etmək üçün təyin edildi. Mənə, həmçinin tərcüməçi təqdim edildi.

İstintaq prosesi zamanı müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.

İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”.

Daha sonra təqsirləndirilən şəxs Arayik Harutyunyana sərbəst ifadə verməsi təklif olunub. O, ifadəsinə hazırlaşmaq üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alıb.

Bundan sonra təqsirləndirilən şəxs Davit İşxanyan sərbəst ifadə verib. O, elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Sonra təqsirləndirilən şəxs Davit Babayan sərbəst ifadə verib. O da elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib.

“İttiham aktında qeyd olunan əməlləri törətmək iqtidarında olmamışam. Azərbaycan xalqına qarşı nifrət təbliğ etməmişəm. Öz xalqımı sevirəm, lakin milliyyətçi deyiləm”, - deyə D.Babayan bildirib.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək.

 

 

Seçilən
51
49
xalqqazeti.az

10Mənbələr