Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Qalatasaray” və “Fənərbağça” komandalarının baş məşqçilərini cəzalandırıb.
Arena.az xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Okan Buruku 1, “Fənərbağça”nın çalışdırıcısı Joze Mourinyonu isə 4 oyunluq cəzalandırıb. Hər iki mütəxəssis “Rams Park”da reallaşmış Türkiyə Super Liqasının 24-cü turundakı İstanbul derbisində davranışlarına görə diskvalifikasiya edilib.
Okan Buruk oyunsonrası baş tutan mətbuat konfransında etik olmayan açıqlamalarına görə cəza alıb. Jose Mourinyo isə qarşılaşmanın final fitinin ardından hakimlərin paltardəyişmə otağına gələrək təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalıb.
Bundan başqa, “Fənərbağça”nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.
Xatırladaq ki, “Qalatasaray” və “Fənərbağça” arasında baş tutmuş matçda hesab açılmayıb – 0:0.
24 turdan sonra “Qalatasaray” Türkiyə Super Liqasının yarış cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 58 xalla 2-ci pillədə qərarlaşıb.