
Yapon alimləri qocalmaya təsiri olan AP2A1 zülalını kəşf ediblər. Hüceyrələrin qocalma prosesini tərsinə çevirə biləcəyi düşünülən bu kəşf uzun ömür və gəncliyin qapısını aça bilər.

E-saglam.az xəbər verir ki, bəşəriyyət ömrünü uzatmağın, gənc qalmağın və ölməzliyə nail olmağın yollarını çoxdan təkcə ədəbiyyat və kinoda deyil, həm də universitetlərdə və laboratoriyalarda axtarır. Müasir tibb və yeni texnologiyalar insanın orta ömrünün uzadılmasına kömək etsə də, axtarışlar hələ də davam edir.
İndi insan ömrünü uzada biləcək kəşflərə yeni bir kəşf əlavə edilib. Yapon alimləri insan orqanizminin qocalmasına cavabdeh olan zülalın mövcudluğunu aşkar ediblər. Sözügedən zülalın basdırıldığı təqdirdə hüceyrələrin qocalma prosesinin ləngiyə və ya hətta tərsinə çevrilə biləcəyi düşünülür.
DW Turkish-də yer alan xəbərə görə, kəşf insanların daha uzun yaşamasına imkan verməklə yanaşı, tibb sahəsində daha praktik həllər təqdim edir. Məsələn, yaşlanma ilə bağlı osteoporoz və ürək xəstəlikləri ilə yanaşı, Parkinson və Alzheimer kimi neyrodegenerativ xəstəliklərin təsirini azaltmaq da mümkün ola bilər. Hətta hər hansı simptomlar görünməmiş bəzi xəstəliklərin qarşısını almaq mümkündür.
İnsan orqanizmi yaşlandıqca hüceyrələr tədricən öz fəaliyyətini itirir. Hüceyrələr bu proses zamanı bölünməyi dayandırır, lakin onlar da ölmürlər. Bu vəziyyət tibbdə "hüceyrə qocalması" və ya "qocalma" adlanır.
Sözügedən hüceyrələr təkcə yaşlanmır, həm də əhəmiyyətli həcm qazanırlar. Bu, çox güman ki, hüceyrə divarları içərisində lifləri genişləndirən zülallarla bağlıdır. Nəticədə hüceyrələr böyüdükcə hərəkət edə bilmir.
Sözügedən tədqiqatın direktorlarından biri Pirawan Chantachotikul "Yaşlanmış hüceyrələrdəki stress liflərinin gənc hüceyrələrə nisbətən daha qalın olması son dərəcə maraqlı bir tapıntıdır. Bu, zülalların bu liflərə hüceyrə ölçüsünü saxlamağa kömək etdiyini göstərir", - deyir.
Tədqiqatçılar bu prosesdən məsul olan zülalın əsasən ölməkdə olan hüceyrələrdə olan AP2A1 olduğunu müəyyən ediblər. AP2A1 ingiliscə “Adaptor Protein Complex 2, Alpha 1 Subunit” termininin abreviaturasıdır.
"Biz köhnə hüceyrələrdə AP2A1 zülalının sıxışdırılmasının hüceyrə ölüm prosesini tərsinə çevirdiyini və hüceyrə regenerasiyasını təşviq etdiyini aşkar etdik. Eyni zamanda, AP2A1-in gənc hüceyrələrdə hüceyrə ölümünü sürətləndirdiyini gördük", - tədqiqata rəhbərlik edən başqa bir alim Şinji Dequçi deyib.
Yadda saxlamaq lazımdır ki, bu kəşfin praktiki istifadəyə verilməsi üçün vaxt lazımdır. Bununla belə, ingiliscə "anti-aging" olaraq da bilinən qocalmanın qarşısını alan məhsullarla müqayisədə kəşfin əslində daha uzun ömür təmin edəcəyi və insan sağlamlığına töhfə verəcəyi gözlənilir. Çünki bazarda tez-tez rast gəlinən sözügedən məhsulların xüsusiyyəti tipik qocalma əlamətləri ilə mübarizə aparmaq olsa da, AP2A1 zülalını basdırmaq yaşlanma prosesini hələ başlamadan qarşısını almaq potensialına malikdir.
Tərcümə: Könül Oruc