AZ

Qərbi Azərbaycan Xronikası: "Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Biz Qaraqoyunlu dövlətinin Cıvıxlıdakı varisləri idik" adlı veriliş Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Çəmbərək rayonunun Cıvıxlı kənd sakini Mahir Məsimovun həyat hekayəsinə həsr olunub.
O, 1959-cu ildə doğulduğunu, uşaqlığının 250 bulağı olan gözəl təbiətli doğma kənddə keçdiyini deyib: "Uşaqlıqda çox xoşbəxt həyat yaşamışıq. Kəndimizin dağ olaraq ən yüksək zirvəsi Kirkitli dağı idi. Ondan sonra Göyçə mahalı başlayırdı. Uşaq və gənc yaşlarında dağların başına çıxardıq, əyri, qıvrım yollarda, çəmənliklərdə, meşələrdə gəzər, şəlalələri seyr edər, bulaqlardan su içərdik".
Onun sözlərinə görə, kəndin tarixi çox qədimdir: "Biz Qaraqoyunlu dövlətinin, Baharlar türk tayfasının qalıqlarıyıq. Kənd salındığı 1700-cü illərdən sırf türklər yaşayıb. Oranın başqa millətlərə heç bir aidiyyəti yoxdur. Kənddə qədim alban kilsələri, abidələri, uzunluğu 3 metr olan qəbirlər olub. Qədim qəbiristanlığı ermənilər 1960-cı illərdə buldozerlə tamamilə dağıtdılar. Bizə aid olan 150 hektarlıq ərazini Martuni kəndinə verdilər. Dədə Qorquddan qalma qalalardan baxanda qonşu Gölkənd, Yanıqpəyə, Əmirxeyir, Çaykənd, Bəryabad kimi kəndlər görünürdü".
Cıvıxlı kənd sakini kənddə müəllim işlədiyini bildirib, o dövrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərinin və deportasiya siyasətinin şahidi olduğunu bildirib: "1987-ci ilin dekabr ayı idi. Atamın qohumlarından biri Tovuzdan kəndə gələndə ermənilər onun üstünə hücum çəkib öldürmək istəyiblər. Sürücü qapını açan kimi, o, özünü avtobusdan çölə atıb canını qurtarıb. Elə bu ildən bizim ən ağır günlərimiz başladı, rayona gediş-gəliş mümkün deyildi, bizə tamamilə yad olan saqqallı adamlar at oynadırdı. Belə olanda camaat ağsaqqalların iştirakı ilə bir yerdə topland və belə qərara gəlindi ki, biz qışa qalsaq, kənddən çıxmağımız mümkün olmayacaq. 1988-ci ilin avqust-sentyabr aylarından kəndi tərk edənlər uşaqlarını Sumqayıta, Qazaxa gətirdilər. Biz isə Sumqayıta yerləşdik".
O sonda Vətən həsrətindən danışıb və bildirib ki, mənim üçün vətən Cıvıxlı kəndi və atamın evidir: "Orada 8-9 nəsil babamın qəbri var. Biz oranı tikib yaratmışıq. Bunları ermənilər dağıdıblar, biz qayıdıb oranı yenidən tikəcəyik. Mənim kimi, yüzminlərlə azərbaycanlı öz yurduna qayıdacaq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Seçilən
142
7
oxu.az

10Mənbələr