AZ

Anri Yamalın Messi ilə müqayisəsini düzgün hesab etmir

Keçmiş fransalı hücumçu Tyerri Anri “Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamaldan danışıb.

Arena.az xəbər verir ki, o, Yamalın argentinalı ulduz hücumçu Lionel Messi ilə müqayisə edilməsinə belə münasibət bildirib:

“Mən müqayisələri sevmirəm! Adamlar oyunçuları və dövrləri müqayisə edəndə, bu, mənə xoş gəlmir. “Leo” – “Leodur”, Lamin Yamal isə… O, heç Lamin Yamal olmağa cəhd etməyib, – o, artıq Lamin Yamaldır”, deyə Tyeri Anri vurğulayıb.

Madrid “Atletiko”sunun Portuqaliyadan olan keçmiş sol cinah hücumçusu Paulo Futre də Lamin Yamal haqda fikrini bildirib:

“Bu cocuq – müəmmadır. Fikrimcə, biz “Qızıl top”un gələcək sahibinə baxırıq. Əgər onun ciddi zədələri olmasa, o, bu mükafatı növbəti bir neçə il ərzində bir dəfədən artıq qazana bilər”, deyə Futre heyranlıqla bildirib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 11 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 85 oyun, 18 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
23
arena.az

1Mənbələr