AZ

Avropada qazın qiyməti 540 dolları ötüb

Fevral ayının yekunlarına əsasən, Avropada qazın orta qiyməti 5% artaraq 1 min kubmetr üçün təxminən 542 dollar təşkil edib.

Valyuta.Az-ın verdiyi xəbərə əsasən, bu barədə "TASS" agentliyi "London ICE" birjasının fyuçers ticarəti üzrə məlumatlarına istinadən xəbər verir.

Qiymət artımının əsas səbəbləri Avropadakı yeraltı qaz anbarlarından yüksək həcmdə qaz götürülməsi və külək enerjisinin payının azalması olub.  

31 yanvarda qaz fyuçersləri 1 min kubmetr üçün təxminən 577 dollara ticarət olunurdusa, 28 fevralda ticarət 475 dollar səviyyəsində bağlanıb. Bu, əvvəlki ayın sonu ilə müqayisədə 17,7% azalma deməkdir. Fevralın sonunda qazın qiymətinin enməsi bölgədə havaların isinməsi və Rusiya ilə ABŞ arasında danışıqların başlanması fonunda baş verib.  

Keçən ilin payızından etibarən Avropada qaz qiymətləri tədricən artmağa başlayıb. 2024-cü ilin sentyabrında qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 416 dollar (illik müqayisədə 0,3% azalma) təşkil edirdisə, oktyabrda 456 dollar (-11%), noyabrda 491 dollar (-4%), dekabrda 489 dollar (+20%), 2025-ci ilin yanvarında 517 dollar (+53%), fevralda isə 542 dollar (+88%) olub.  

Qazın qiymət artımının səbəbləri

Fevral ayı ərzində Avropada qaz qiymətləri dəyişkən olub. Ayın birinci yarısında qiymətlər son iki ilin maksimumuna çataraq 630 dollar həddinə yaxınlaşıb. Bu artıma Avropanın yeraltı qaz anbarlarından rekord həcmdə qaz götürülməsi mühüm təsir göstərib. Hazırda Avropadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi 39,5%-dən aşağı düşüb və orada təxminən 43,5 milyard kubmetr qaz qalır. 2024-cü ilin oktyabr ayının sonlarında başlayan istilik mövsümündən bəri "Avropa İttifaqı" ölkələri anbarlardan artıq 66 milyard kubmetrə yaxın qaz götürüb. Xalis qaz götürülmə həcmi 62 milyard kubmetrdən çoxdur.  

Bundan əlavə, yanvar ayında Avropa İttifaqında elektrik enerjisi istehsalında külək enerjisinin payı orta hesabla 21% təşkil edirdisə, fevralda bu göstərici 13%-ə düşüb. Bu da qazın elektrik enerjisi istehsalında istifadəsinə tələbatı artırıb.  

Lakin ayın sonuna doğru bölgədə havaların isinməsi və Rusiya ilə ABŞ arasında aparılan danışıqlar fonunda qazın qiymətində kəskin azalma müşahidə olunub. 12 fevralda Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı aparıb. Liderlər Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər də daxil olmaqla geniş mövzuları müzakirə ediblər. 18 fevralda Ər-Riyadda Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətləri görüşüblər. Görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər Rusiya və ABŞ-ın bir-birinin paytaxtlarında səfirlərinin tezliklə təyin olunması barədə razılığa gəliblər.  

Rəhim

Seçilən
68
valyuta.az

1Mənbələr