AZ

“Bu bir tələ idi”

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında ötən gecə kameralar qarşısında baş tutan debat bütün dünyada “soyuq duş” effekti yaradıb. Bu gün xarici mətbuatda Tramp-Zelenski görüşü ilə bağlı çoxlu təhlillər dərc olunub, lakin onlardan ikisi xüsusilə diqqəti cəlb edib.


***

“The Atlantic” jurnalı dünəni “Amerika diplomatiyasının ən qaranlıq günlərindən biri” kimi qiymətləndirərək, “Bu, bir tələ idi” adlı təhlilində yazıb: “Ukrayna prezidenti Zelenskinin Ağ Evdə məruz qaldığı kobudluğu və prezident Donald Tramp və vitse-prezident Ceyms Vensi sanki onların müttəfiqləri düşmən imiş kimi açıq şəkildə təhqir etməsini kənara qoyun. ABŞ prezidenti bu gün sadiq bir müttəfiqini tələyə saldı”.

Trampın müşavirləri gərgin görüşü Amerikanı birinci yerə qoyan qələbə elan etdilər, lakin jurnalın yazdığına görə, debatdan planlaşdırılmış hücum iyi gəlirdi. Tramp kamera qarşısında Zelenskini Ukraynanı qlobal müharibə riskinə atmaqda ittiham edirdi və Rusiyaya yer verirdi. Deyilənlərin hamısı kamera qarşısında Zelenskini alçaltmaq üçün nəzərdə tutulub.

Və onların yalnız bir məqsədi var idi: Rusiya prezidenti Vladimir Putinin tərəfində olmaq və Rusiyanın şərtləri ilə müharibəyə son qoymaq.

***

“The Atlantic”in yazdığına görə, ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ağ Evdə olması görüşün hazırlıq xarakteri daşıdığını təsdiqləyir. “Nəzəri cəhətdən ABŞ-ın yüksək səviyyəli diplomatı olan ABŞ dövlət katibi Marko Rubio da orada idi, lakin Vens çıxış edərkən o, sakit oturmağa üstünlük verirdi”, – deyən jurnal Vensin adətən belə görüşlərdə önə çıxmadığını xatırladır.

Jurnal Zelenskini kamera qarşısında debata təhrik etmək planlarının çox güman ki, əvvəlcədən hazırlandığını və vitse-prezident J.D.Vansın Zelenskini hörmətsizlikdə ittiham etməsini ikiüzlülük kimi xarakterizə edib.

***

“The Nation” jurnalı “ABŞ tarixinin ən utanc verici Xarici Siyasət Şousu” adlı təhlilində “Dünyanın canlı izlədiyi görüş dörd dəqiqəlik qışqırıqlı matça çevrildi, açıq-aşkar planlaşdırılmış hücum Ceyms Vensin Zelenskidən son üç il ərzində sizə göstərdiyi yardıma görə ABŞ-dan daha çox minnətdar olmasını tələb etməsi ilə başladı. Tramp-Vens ikilisi Ukrayna prezidentinə Rusiyaya qarşı müharibədə oynamaq üçün heç bir kartı olmadığını söylədi və dərhal sülh müqaviləsi imzalamasını tələb etdi”.

***

Ağ Evdəki hadisələrlə Avropanın indi təhlükə altında olduğuna diqqət çəkən jurnal, “Rusiya hücum edərsə, ağlı başında olan heç bir Avropa lideri Amerikanın ona kömək edəcəyini gözləməz. Eynilə, Asiyada heç bir lider Trampın Çinlə qarşıdurma vəziyyətində kömək edəcəyini düşünməz”, – deyərək bu görüşün nəticələrinin düşünüldüyündən daha böyük olacağını iddia edib.

Seçilən
49
vaxt.az

1Mənbələr