Politoloq Fərhad Məmmədov fevralın 28-də Ağ Evdə ABŞ və Ukrayna liderləri arasında baş verən qarşıdurmanın mümkün nəticələri ilə bağlı fikirlərini bölüşüb.
"AzPolitika" ekspertin təhlinini oxuculara təqdim edir:
"ABŞ və Ukrayna prezidentləri arasında çəkişməni dünyada hamı gördü. Kimin günahkar olduğunu və bunun niyə belə olduğu haqda təfərrüatlara varmayaq...
Bundan sonra nə olacaq?
Bəzi nəticələr çıxarmağa çalışaq:
- ABŞ-nin Ukrayna ilə razılaşması nəticə vermədi. Yəni Ukrayna ilə bağlı danışıqlar dayanacaq. Lakin Trampın Ukrayna ilə bağlı Rusiya ilə danışıqları davam edəcək. Və burada Trampın Zelenski ilə görüşdən sonra mövqeyi görüşdən əvvəlkindən daha zəif olacaq;
- Tramp vasitəçidirsə, onun münaqişənin hər iki tərəfi ilə normal münasibətləri olmalıdır. Zelenski ilə heç bir şey alınmadı. Bu məqamda Moskvanın amerikalılara sualları olacaq. Əgər Vaşinqton Kiyevə təzyiq göstərə bilmirsə, onda Vaşinqtonla danışıqlara nə ehtiyac var?! Ona görə də Tramp Kiyevə daha da böyük təzyiq göstərməli olacaq. Qorxuram ki, Tramp yardımı məhdudlaşdırmaqla dayanmayacaq... Müharibənin Rusiyanın xeyrinə çevirmək üçün təxribata əl ata bilər;
- Zelenskinin fiziki varlığının təhlükə altında olduğu haqda fikrimi xatırladıram. Əgər görüşdən əvvəl Putin Zelenskinin Ukrayna prezidenti postunu tərk etməsində Trampdan daha çox istəkli idisə, Ağ Evdəki görüşdən sonra Tramp bunda Putindən az maraqlı deyil. Trampın Zelenskinin fiziki olaraq aradan qaldırılmasına dair göstərişi çox yaxında verilə bilər;
- Zelenski hələ bir neçə ay müharibəni davam etdirmək üçün Aİ-dən silah və iqtisadi yardıma malikdir, ona görə də manevr üçün yer var. Ukrayna üçün çox şey aparıcı Avropa ölkələrindən və ABŞ-ın özündə baş qaldıracaq etirazların keyfiyyətindən asılıdır.
- Və nəhayət... proseslər daha böyük qeyri-müəyyənlik uçurumuna, ənənəvi ittifaqların dağılmasına və yeni situasiya qruplarının yaranmasına doğru gedir. Yeni gərginlik ocaqlarının yaranması riski çox yüksəkdir".
"AzPolitika.info"