Bir çox insan düşünür ki, qarlı hava günəş panellərinin enerji istehsalını tamamilə dayandırır.
Ancaq bu, doğru deyil. Qarlı havada günəş panellərinin necə işlədiyinə Qaradağ Günəş Elektrik Stansiyasının nümunəsində bunu görmək mümkündür.
News24.az-ın məlumatına görə, Energetika Nazirliyindən bildirilib ki, 24 fevral tarixində qar yağmasına baxmayaraq stansiya 230 meqavat maksimal gücə çataraq yüksək məhsuldarlıq göstərib.
"Qarsız, ancaq buludlu hava şəraitində keçmiş 19 fevral tarixində gün ərzində 224.4 meqavat-saat enerji istehsal olunduğu halda, 24 fevral tarixində eyni göstərici 1494.9 meqavat-saata yüksəlib.
Səbəb isə budur ki, stansiyada panellərin maili yerləşdirilməsi və səthinin sürüşkən olması qarı asanlıqla təmizləyir. Soyuq hava isə panellərin daha səmərəli işləməsinə kömək edir və onların performansını artırır.
Müasir günəş panellərinin arxa səthi də elektrikenerjisi istehsal edir. Yer səthi qarla örtüldüyündən və ağ rəng günəş şüasını maksimum əks etdirdiyindən günəş panellərinin əlavə işıq qəbul etməsinə səbəb olur. Beləliklə, açıq səma şəraitində qarlı havada panellər gözləniləndən daha çox enerji istehsal edir", - qurumdan qeyd olunub. /modern.az