AZ

Nisyə dəftəri ...

Sadə geyimli, yad bir adam məhəllə dükanına daxil oldu. İçəriyə göz gəzdirib, əvvəlcə satıcıya, sonra piştaxtaya baxdı. Bir an tərəddüddən sonra yavaş, amma qətiyyətli səslə soruşdu:

– Qardaş, əgər səndən nisyə çörək, çay, yumurta istəsəm, verərsənmi?

Satıcı kişinin üzünə diqqətlə baxdı. Sonra əlini piştaxtaya söykəyib, asta səslə cavab verdi:

– Elələri var ki, üç aydır pulsuz çörək aparır. Açığı, onların borcunu ödəyəcəyinə inanmıram. Amma nə edə bilərəm? Üç yetimə baxır, balalarını ac qoymayacağıq ki? Allah böyükdür, bizim də ruzimizi yetirər. Sənə verdiyim çörəyin də heç haqqını istəmirəm. Götür get, halal xoşun olsun.

Yad adamın üzünə bir təbəssüm yayıldı, gözlərində bir işıq parladı. Dərindən nəfəs alıb ürəyində pıçıldadı: “Deyəsən, axtardığımı tapmışam.”

Sonra bir az da irəli gəlib yenə soruşdu:

– Sənin o nisyə dəftərində nə qədər borc var?

Satıcı, bu qərib adamın birdən-birə belə sual verməsinə çaşdı. Qaşlarını çatıb ehtiyatla soruşdu:

– Neyləyirsən axı?

Gələn adam isə tam bir arxayınlıqla, hətta bir az mehriban gülümsəyərək izah etməyə başladı:

– Qardaş, narahat olma, əsəbiləşmə. Mən boş-bekar adam deyiləm ki, gəlib burada sənin vaxtını alım. O dəftəri satın almaq istəyirəm. Xahiş edirəm, borcları indi hesabla.

Satıcı bir anlıq tərəddüd etdi. Qarşısındakı adamın ciddiliyini hiss edib müqavimət göstərmədi. Dəftəri vərəqlədi, bütün borcları topladı və məbləği söylədi.

Yad adam pencəyinin döş cibindən bir dəstə pul çıxardı, susqun bir ehtiramla pulu piştaxtanın üstünə qoydu və dedi:

– Qardaş, Allah səndən razı olsun. Sən bu camaata güvənirsənsə, yetimlərin ac qalmaması üçün çalışırsansa, demək, yaxşı adamsan. Mən bu borcların hamısını ödədim. Qoy, bu da mənim Ramazan payım olsun. İndi dəftəri mənə ver. Mən onu aparıb basdıracağam və inanıram ki, Qiyamət günündə o siyahı mənim köməyimə çatacaq.

Satıcı, nə baş verdiyini tam anlamasa da, sakitcə dəftəri yad adama uzatdı. Adam dəftəri götürüb dükanın qapısından çıxdı.

Satıcı hələ də baş verənləri dərk edə bilmirdi. Pulu ehtiyatla daxılın gözünə qoyanda, özünü sanki yuxudaymış kimi hiss edirdi. Bir anlıq balaca pəncərədən çölə boylandı. O yad adam artıq görünmürdü. Küçədə insanlar iftara tələsirdilər.

Elə bu vaxt, dükanın qapısında balaca bir qız dayandı. Yeddi yaşlı Sürəyyanın qızı, utancaq bir səslə dedi:

– Əhməd əmi, anam deyir ki, iftara bir çörək, üç yumurta versin. Gələn ay dayım bizə gələndə pulunu verərik.

Satıcı qızın sözlərindən diksindi. Əlini vərdişlə piştaxtanın altına, nisyə dəftərini çıxarmaq üçün atdı. Bir anlıq dayandı. Sonra gülümsədi. Dəftər artıq yox idi…

Gözləri sevinc və minnətdarlıqla parladı. Mehriban bir səslə qıza dedi:

– Gəl, ay qızım. Yumurta da götür, çörək də, yağ da. Anana de ki, o dayı gəldi də, getdi də…

Seçilən
23
vaxt.az

1Mənbələr