London, 2 mart, AZƏRTAC
Londonda “Lancaster House”da beynəlxalq liderlərin iştirakı ilə Ukrayna məsələsinə həsr olunmuş sammit başlayıb
AZƏRTAC xəbər verir ki, tədbirə ev sahibliyini Böyük Britaniyanın Baş naziri Kir Starmer edir. Hazırda sammit masasının ətrafında toplaşan liderlərin görüntüləri yayımlanıb. Kir Starmer sammit iştirakçılarına müraciət edərək, bu görüşü Avropanın təhlükəsizliyi üçün nəsillər boyunca bir dəfə baş verə biləcək an kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Ukrayna üçün ədalətli sülh əldə edilməsi bütün Avropa ölkələrinin təhlükəsizliyində həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, sammitdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa Prezidenti Emmanuel Makron, Türkiyə xarici işlər naziri Hakan Fidan, Kanada Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts, Ukrayna Prezidenti Volodimir Zelenski, NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen kimi önəmli liderlər iştirak edirlər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London