Böyük Britaniyanın Baş naziri Keir Starmer bazar günü Londonda keçirilən böyük Avropa sammitində liderləri təkcə Ukraynada sülhün təmin edilməsinə deyil, həm də bütün qitədə sabitliyin təmin edilməsinə kömək etmək üçün ölkələrinin müdafiə səylərini artırmağa çağırıb.
“AzPolitika” xəbər verir ki, beynəlxalq görüşdən sonra keçirilən mətbuat konfransında Keir Starmer Böyük Britaniyanın Ukraynaya 5000-dən çox hava hücumundan müdafiə raketi almaq üçün 1,6 milyard funt-sterlinq verəcəyini açıqlayıb. Bu raketlər Belfastda istehsal olunacaq. Starmer bildirib ki, məqsəd Ukraynanın mövqeyini gücləndirməkdir ki, Kiyev güclü mövqedən danışıqlar apara bilsin.
Starmer deyib ki, Britaniya, Fransa və digər ölkələr Ukrayna ilə birlikdə “döyüşlərə son qoymaq planı” üzərində işləmək barədə razılığa gəliblər. Bu plan daha sonra ABŞ ilə müzakirə olunacaq və birlikdə həyata keçiriləcək.
Keir Starmerin sözlərinə görə, sammitdə liderlər dörd mühüm addımı razılaşdırıblar.
Söhbət ilk növbədə müharibə davam edərkən Ukraynaya hərbi yardımın davam etdirilməsindən və Rusiyaya iqtisadi təzyiqin artırılmasından gedir.
İkinci məqam ondan ibarətdir ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir, Kiyevin özü isə istənilən sülh danışıqlarının masasında olmalıdır.
Üçüncüsü, sülh razılaşması olacağı təqdirdə, Avropa liderləri Rusiyanın Ukraynaya gələcək hər hansı işğalının qarşısını almağa çalışacaqlar.
Dördüncü məqamda isə Ukraynanı müdafiə etmək və bu ölkədə sülhü təmin etmək üçün “istəklilərin koalisiyasının” yaradılmasını nəzərdə tutulur.
“Reuters” agentliyi yazır ki, Avropa liderlərinin görüşü iki gün əvvəl Ağ Evdə ABŞ Prezidenti Donald Trampla uğursuz danışıqlardan sonra Vaşinqtona səfərini yarımçıq kəsən Zelenskiyə dəstəyi nümayiş etdirmək üçün təşkil edilib.
Zelenski ilə Tramp, eləcə də ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında yaranan mübahisəyə görə Ukrayna Prezidenti danışıqları erkən tərk edib. Eyni zamanda onların Trampla yekun mətbuat konfransı və mineral ehtiyatlar üzrə ikitərəfli sazişin imzalanması da ləğv edilib.
Martın 2-də Böyük Britaniyanın paytaxtında Volodimir Zelenskini hərarətlə qarşılayan dünya liderləri ona dəstək verəcəklərini vəd ediblər.
Londonda keçirilən sammitə Hollandiya, Danimarka, İsveç, Norveç, Almaniya, İtaliya, Polşa hökumət başçıları, Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Alexander Stubb gəlib. Müzakirə iştirakçıları arasında Kanadanın Baş naziri Castin Trüdo, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta da yer alıb.
NATO rəhbəri Rutte X sosial şəbəkəsində yazıb ki, Avropa Şimali Atlantika Alyansının gücünü saxlamaq üçün müdafiə xərclərini artırmalı, həmçinin Ukraynaya dəstək üçün daha çox işlər görməlidir.
Starmer görüş iştirakçıları qarşısında çıxış edərək, Avropanın “bir nəsildə bir dəfə baş verən” təhlükəsizlik problemi ilə üzləşdiyini vurğulayıb.
Starmer deyib: "Ukrayna üçün yaxşı nəticə əldə etmək burada təmsil olunan hər bir ölkə və bir çox başqa ölkələr üçün həyati əhəmiyyət kəsb edir".
O əlavə edib ki, görüş davamlı və ədalətli sülhə nail olmaq üçün birgə tədbirləri müzakirə etmək, eləcə də Ukraynanın təkcə indi deyil, həm də gələcəkdə baş verə biləcək hər hansı hücuma qarşı özünü Rusiyadan müdafiə edə bilməsini təmin etmək məqsədi daşıyır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə London sammitini “yaxşı və səmimi müzakirə” adlandırıb. Onun sözlərinə görə, iştirakçılar Ukrayna üçün hərtərəfli təhlükəsizlik zəmanətlərinin, o cümlədən onun öz müdafiəsini qorumaq və gücləndirmək üçün vasitələrlə təmin edilməsinin zəruriliyini müzakirə ediblər.
Eyni zamanda, fon der Leyen "iqtisadi sağ qalma" vasitələrini qeyd edib. O, həmçinin bildirib ki, Avropanın müdafiəni gücləndirmək və bu sahədə genişmiqyaslı fəaliyyət üçün ümumi yanaşmaya ehtiyacı var.
"Bizə Avropa İttifaqının aydın planı və ümumi Avropa yanaşması lazımdır, indi xərcləri artırmaq vacibdir, ən pisə hazırlaşmaq vacibdir", - o, vurğulayıb.
Rasim
“AzPolitika.info”