AZ

“Putini danışıqlar masasına oturtmağa çalışırıq” - “ABŞ Ukrayna ilə təmasları bərpa etməyə hazırdır, amma”

ABŞ Ukrayna ilə normal münasibətləri, təmasları bərpa etməyə və danışıqları yenidən başlamağa hazırdır. Lakin bu, yalnız Kiyev sülhə hazır olduğu halda baş verəcək.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “ABC News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibəyə son qoymağın yeganə yolu Rusiyanı danışıqlar masasına oturtmağa məcbur etməkdir və “bunu edə biləcək yeganə şəxs Prezident Trampdır”: "Burada heç kim demir ki, Vladimir Putin Nobel Sülh Mükafatını alacaq... Biz aydınlaşdırmalıyıq ki, onları müharibəni dayandırmağa məcbur etməyin bir yolu varmı?"

Rubio həmçinin deyib ki, Vladimir Putini antaqonist və diktator adlandırmaqla başlanan danışıqlar məhsuldar ola bilməz.

Aparıcının birbaşa “niyə Zelenskini diktator adlandırmaq olar, amma Putini yox” sualına cavab olaraq Rubio qeyd edib ki, ABŞ rəhbərliyi üç ildir Putini söysə də, bunun nəticəsi yoxdur: "Vladimir Putini söyməyə üç il sərf etmişik. İndi bu sualın vaxtı deyil. İndi biz onu danışıqlar masasına oturtmağa çalışırıq. Mən əvvəldən dedim ki, bəlkə onlar da razılaşmaq istəmirlər. Ya da ola bilər razılaşmaq istəyirlər. Amma üç ildir onlarla danışmırıq. Biz bilmirik".

Zelenskinin istədiyi təhlükəsizlik təminatları ilə bağlı suala cavabında Rubio deyib ki, danışıqların baş tutacağı təqdirdə müzakirə edilməli olan şeylər barədə indidən danışmaq tezdir. O, həmçinin bunun “asan sülh razılaşması olmayacağını” bildirib: "Bunu pozmaq üçün heç nə etməyin. Təəssüf ki, Zelenski bunu etdi".

Bundan öncə Rubio demişdi ki, Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə görüşü “fiaskoya çevirdiyinə görə” üzr istəməlidir.

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
78
azpolitika.info

1Mənbələr