AZ

Azərbaycanın iftixarlı oğlu - FOTO

Vüsal Əliyevin gənclərə örnək olan döyüş yolu

44 günlük haqq savaşımızda Vətənin, millətin yolunda  şüurlu surətdə canlarını  fəda edən minlərlə qəhrəmanımız oldu. Son damla  qanına qədər düşmənə qarşı döyüşüb xalqına qələbə sevincini yaşadan  belə qeyrətli oğullardan biri də  Cəlilabad rayonunun  Rüstəm-abad kəndində dünyaya göz açan  Vüsal Məhəmmədəli oğlu  Əliyevdir. Bu Vətən sevdalısı  göstərdiyi rəşadətlə 29 yaşında adını  Azərbaycanın yeni, şanlı tarixinə yazdı. Və beləcə öz  ömrü qısa olsa da, bizim üçün qoyub getdiyi  mənəvi sərvətdə doğma Azərbaycana, onun hər qarış torpağına, daşına ilahi bir sevgi vardır.

Məhz bu baxımından Vüsal qəlblərdə yaşamaqla, onun keçdiyi şərəfli həyat yolu zaman-zaman gələcək nəsillərə örnək göstəriləcək. Onun dövlət tərəfindən təltif edildiyi “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda” və digər medallarına  da bir qayda olaraq həmişə fəxrlə baxarlar. 

Vüsal Əliyevin əsgərlik yaşı çatanda ordu sıralarına böyük həvəslə yollanıb. Dediyi də belə olub:-  Vətən bizim namusumuz, şərəfimizdir.  Onun bir parça daşına belə dığalar  sahib çıxa bilməz.    Axı ermənilərin Qarabağımızın işğalı onu çox narahat edib. Nəyin bahasına olursa-olsun  onu tezliklə  işğaldan azad görmək Vüsalın əsas arzusuna   dönüb. Başa düşüb ki, bu yolu yalnız Vətən qeyrətli oğlanlar gedə bilər.  Xidmətə cəbhə bölgəsində başlayan Vüsal  müqəddəs borcunu şərəflə yerinə yetirib, əsgərlərin və zabitlərin dərin hörmətini qazanıb. Həmçinin cəsurluğunu, cəsarətini,  vətənpərvərliyini

çətin təlimlərdə  belə yüksək səviyyədə təsdiq  edib. 

Vüsal  əsgərlikdən sonra düşməndən alacağı öcə görə heç cür evdə qərar tuta bilməyib. Buna görə həyatını hərbiyə bağlamağa qərar verib.  2014-cü ildə  Dövlət Sərhəd Xidmətinə müraciət edən Vüsal  Xudat Sərhəd Dəstəsinin 11-ci zastavasına təyinat alıb. 2015-ci ilin avqust ayında  xidmət yerini Çevik Hərəkət Briqadasına dəyişıb.  Burada manqa komandiri olub. Eləcə  sürücü-mexanik vəzifələrində özünü sınayıb.  Ona verilən tapşırığa ürəklə yanaşması, nizam-intizamı, peşəkarlığı həmişə nümunə göstərilib. Cəsur, vətənpərvər oğul kimi tanınan Vüsal Əliyev 2016-cı ildən isə xidmətini kəşfiyyat bölüyündə davam etdirib.

İkinci Qarabağ müharibəsi başlanan gündən Vüsal  kəşfiyyat bölüyünün tərkibində ön cəbhədə yağıya qarşı  haqq savaşına girib. Düşmənə sarsıdıcı zərbələr endirib və neçə-neçə uğurlu əməliyyatın qalibi olub. Ən əsası  Şuşanın azadlığı baxımından mühüm strateji əhəmiyyət kəsb edən Hadrut qəsəbəsinin işğalçılardan təmizlənməsi  uğrunda xüsusi qəhrəmanlıq göstərib. 9 oktyabr isə onun son döyüş  günü olub.  Girdiyi  ölüm-dirim   savaşında dığaların onlarla  canlı qüvvəsini, hərbi texnikasını məhv etməklə özü də şəhadətə qovuşub.

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
25
hurriyyet.az

1Mənbələr