AZ

Ekspert: DİM qəbul imtahanlarını ləğv etməli və ixtisas imtahanlarına keçməlidir

Təhsil üzrə ekpert Elşən Qafarov bildirib ki, buraxılış imtahanının sualları yalnız 9 və 11-ci sinifdə keçirilən materiallardan olmalıdır.

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 

Bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən, nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

Məsələ ilə bağlı Operativ Media-ya danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, nəticələrin gec açıqlanması düzgün deyil:

"Açıq tipli sualların imtahan nəticələrinin gec çıxmasına səbəb olduğu iddiası sadəcə bəhanədir. Açıq tipli sual imtahanda istifadə edilirsə onun yoxlanma mexanizmi də tapılmalıdır. Bu gün informasiya texnologiyalarının yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Süni intellektin bütün sahələrdə tətbiq olunduğu bir dövrdə açıq tipli suallar da süni intellektlə yoxlanıla bilər.

Bu böyük maliyyə resurslarına və infrastruktur imkanlarına malik Dövlət İmtahan Mərkəzi (DİM) üçün heç də çətin deyil. Niyə buraxılış imtahanının nəticələri 6 həftə sonra açıqlanır? Bundan əlavə, niyə tədris ilinin bitməsinə 14 həftə qalmış buraxılış imtahanları keçirilir? Bu suallar hamı üçün maraqlıdır. Ümumiyyətlə ölkəmizdə buraxılış imtahanları iyunun birinci həftəsində birinci on günlüyündə keçirilməlidir. Əgər açıq tipli suallara görə imtahan nəticələri 6 həftə gec açıqlanırsa o zaman imtahana açıq tipli suallar daxil edilməməlidir. Açıq tipli sualların yoxlanılmasına bu qədər vaxt sərf olunmamalıdır. Yenə bildirirəm ki, süni intellektlə açıq tipli suallara cavab vermək üçün qısa bir müddət kifayətdir. İmtahan nəticələrinin açıq tipli suallara görə gec açıqlanması bəhanədir. DİM ölkədə ümumi təhsil sistemini pozan deyil şagirdlərin yekun attestasiyasını müəyyən edən bir imtahan təşkil etməlidir. Ona görə də DİM bu yanaşmanı dəyişməlidir. Əgər biz imtahanın nəticəsini 6 həftə gözləyəcəyiksə, heç o açıq tipli sualları salmaq lazım deyil."

Ekspert bildirib ki, tədris ilinin təxminən 40 faizi imtahana daxil olmur:

"İkinci məsələ isə buraxılış imtahanlarının tədris ilinin bitməsinə 14 həftə qalmış keçirilməsidir. 13-14 həftə əvvəl imtahanın keçirilməsi tədris müəssisələrində bütün təhsil prosesini pozur. Buraxılış imtahanını verən şagirdin daha sonra məktəbdə davamiyyəti azalır.

Bundan sonra hələ qarşıda 3 ay yarımlıq bir tədris prosesi var. Bu aylarda məktəblərdə şagird tapmaq çətinləşəcək. Buraxılış imtahanına açıq tipli sualın salınması bu qədər əhəmiyyətlidir ki, bütün ölkənin tədris prosesini pozmuş olsun. Hazırda imtahan sistemimizdə cavabsız suallar mövcuddur. Bildiyiniz kimi buraxılış imtahanı eyni zamanda qəbul imtahanının bir hissəsi kimi keçirilir. Bu bir çox dünya ölkələrində var. Amma orada sistem bir qədər fərqlidir. İlk olaraq imtahanın 13-14 həftə əvvəl keçirilməsi düzgün deyil. Nəzərə alsaq ki, tədris ili 34 həftədən ibarətdir, bu o deməkdir ki, tədris ilinin 1/3-dən çox təxminən 40 faizi imtahana daxil olmur."

Elşən Qafarov bildirib ki, son olaraq qeyd edib ki, buraxılış imtahanının sualları yalnız 9 və 11-ci sinifdə keçirilən materiallardan olmalıdır:

"Digər bir məsələ isə yekun attestasiyanın yalnız 9 və 11-ci sinif materialları əsasında aparılmasıdır. Bizim buraxılış imtahanlarının mahiyyətində də problemlər mövcuddur. Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498-ci qərarına əsasən, məktəblərdə 9 və 11-ci sinifin qiymətinə əsasən yekun attestasiyası keçirilir. Bu qərara uyğun olaraq da buraxılış imtahanında yalnız 9 və 11-ci sinif materiallarından suallar salınmalıdır. Bizim imtahanlarda isə bu tam fərqlidir. 11-ci sinif şagirdi buraxılış imtahanında 6-cı sinif materiallarından da sualları cavablandırır.

Bu da repetitorluğun geniş vüsət almasına səbəb olur. Ümumiyyətlə şagird 9-cu sinif buraxılış imtahanında bütün aşağı siniflər üzrə imtahan verir. Həmin şagird 11-ci sinifdə də bütün siniflərin mövzuları üzrə imtahan verir. Buraxılış imtahanlarında yalnız 9 və 11-ci sinif mövzularından suallar salınmalıdır. Bu buraxılış imtahanıdır, yekun attestasiyadır. Qəbul imtahanında DİM bütün şərtləri özü müəyyən edir, amma buraxılış imtahanı şagirdlərin yekun attestasiyasıdır. Buna yalnız qəbul imtahanı kimi baxmaq düzgün deyil. Ona görə də imtahan mexanizmində dəyişiklik edilməlidir. Ümumiyyətlə DİM qəbul imtahanlarını ləğv edib, ixtisas imtahanlarına keçməlidir. Buraxılış imtahanının sualları yalnız 9 və 11-ci sinifdə keçirilən materiallardan olmalıdır. Bu problemlər həll olunmayana qədər, ölkədə buraxılış imtahanlarında problemlər ortaya çıxacaq."

Seçilən
14
operativmedia.az

1Mənbələr