“Siqaretin bahalaşmasında həmişə iki faktor rol oynayır: biri rəsmi faktordur, digəri isə bazarın inhisarçı bazar olması”.
Bunu Yenicag.az-la söhbətində Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Mütəxəssis Azərbaycanda bəzi siqaret markalarının qiymətlərinin artmasının səbəbini izah eidb:
A. Nəsirli diqqətə çatdırıb ki, siqaretin aksiz markası bahalaşanda avtomatik olaraq siqaretin qiymətində bir qədər bahalaşma hiss olunur:
“Sonuncu dəfə 2024-cü ilin yanvar ayında aksiz markası bahalaşıb, amma ondan sonra siqaretin aksiz markasında dəyişiklik olmayıb. Siqaretin bahalaşmasının ikinci səbəbi isə bazar seqmentinin inhisarda olmasıdır. Onlar vaxtaşırı ümumi bahalaşmaya uyğunlaşdırmaq üçün məhsullarının qiymətini artırırlar. Həmin sahə inhisarda olduğuna görə onların heç bir rəqibi yoxdur. Bir neçə sahibkar var ki, bunlar arasında sindikat razılaşması olur və nəticədə bir gün ərzində siqaretlərin qiyməti qalxır”.
Onun sözlərinə görə, aksiz markasında heç bir dəyişiklik olmadan bir gündə bütün siqaretlərin qiymətinin qalxması inhisarçıların qərarıdır:
“Onlar öz mənfəətlərini artırmaq məqsədilə siqaretin qiymətini yüksəldirlər. Yəni burada əsas məsələ bazarın rəqibsizliyi idi. Rəqabətli bazar olsaydı, siqaret satanlar qiymətləri bahalaşdırmaqla mənfəəti artırmağa çalışmaz, əksinə, başqa yollar axtarardılar. Amma bu gün onlar inhisarçıdır deyə, öz mənfəətlərini artırmaq üçün ən asan yol kimi qiymət artımını seçiblər. Mən də inhisarçı olsaydım, bunu düşünərdim. Bu, təbii haldır. Bunun qarşısını almağın yeganə yolu inhisarçılığın aradan qaldırılmasıdır”.
Rafi Müslümov