AZ

Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib

Ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Baş naziri Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstan Baş naziri Oljas Bektenov ilə görüşü zamanı bildirilib.

Görüşdə iki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcminin artırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyəti təsdiqlənib. Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd edilib.

İnvestisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayan tərəflər qarşılıqlı faydalı layihələrə birgə investisiyaların dəstəklənməsi üçün birgə investisiya fondunun yaradılmasından məmnunluq ifadə ediblər.

Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi və qarşılıqlı tədarük həcminin artırılması məsələləri də müzakirə olunub.

Nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb. Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.

Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş “Rəqəmsal İpək Yolu” strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.

Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.

Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

Hökumət başçıları Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Danışıqlardan sonra icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.

Seçilən
114
48
vergiler.az

10Mənbələr