AZ

Ekspert: "Qarlı hava şəraiti kənd təsərrüfatındakı məhsuldarlığı artıracaq"

Azərbaycanda bir neçə gün davam etmiş qarlı hava şəraiti kənd təsərrüfatındakı məhsuldarlığın artmasına səbəb olacaq.

Bunu “Report”a açıqlamasında Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov bildirib. 

"Qar torpaq üçün təbii qoruyucu, örtük rolunu oynayır, yerin dərin qatlarında olan mikroorqanizmlərin fəaliyyətini davam etdirməsinə kömək edir və yaz aylarında torpağı daha məhsuldar edir. Odur ki, yağıntılar kənd təsərrüfatı bitkilərinin su təminatını xeyli yaxşılaşdıracaq. Bu istər həm payızlıq, həm də yazlıq əkinlərinin su ilə bağlı risklərini minimuma endirir”, - deyə o qeyd edib. 

Ekspertin sözlərinə görə, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85%-i bu və yaxud digər dərəcədə suvarma şəraitində yetişdirilir: “Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biridir, onun kimyəvi tərkibinə və malik olduğu bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir. Qarın əriməsi nəticəsində torpağa hopan su ehtiyatları suvarmaya tələbatı azaldır, hidroloji balansı qoruyur. Bundan əlavə, qar suları çayları və su anbarlarını qidalandıraraq su çatışmazlığının qarşısını almağa kömək edir. Bu proses xüsusilə aran bölgələrində quraqlığın təsirlərini yumşaltmaq üçün mühüm rol oynayır. Bu dövrdə yağan qar torpaq üçün təbii gübrələmə effekti də yaradır. Qar yağışı havadan torpağa azot çökdürür. Azot torpaq üçün vacib elementlərdən biri olduğu üçün qarın əriməsi ilə birlikdə torpağın tərkibinə qarışaraq məhsuldarlığı artırır". 

"Ötən həftə yağmış qar xüsusilə taxılçılıq üçün həyati əhəmiyyət kəsib edir: "Nəzərə alaq ki, siçana bənzər gəmiricilər taxıl sahələrini məhv edir, havanın bu cür keçməsi isə bu gəmiricilərin tarlalarda məhv olmasına şərait yaradır. Ümumiyyətlə, bu dövrdə yağan qar bir çox zərərverici həşəratları və onların yumurtalarını məhv edir. Bu, yazda və yayda ziyanvericilərin təsirini azaldaraq fermerlərin pestisidlərə olan ehtiyacını minimuma endirir. Qışda yağan qar həm də təbiətin öz balansını qorumaq üçün ən gözəl yollardan biridir. O, kənd təsərrüfatında məhsuldarlığı artıraraq, fermerlər üçün əsl təbii dəstək rolunu oynayır. Halbuki, yayda yağıntıların artması, dolu taxıl, üzüm sahələrini, meyvəçiliyi məhv edir, məhsuldarlığın kəskin azalmasına səbəb olur”,- deyə o qeyd edib.

R.Orucovun sözlərinə görə, qışda və payızda müşahidə edilən davamlı quraqlıq kənd təsərrüfatına ziyan vurur: “Quraqlığa görə suyun olmaması kənd təsərrüfatı bitkilərinin inkişafına və böyüməsinə bilavasitə zərər vurur, bitkilərin optimal böyüməsi üçün lazım olan qida maddələrini almasına mane olur və nəticədə onların keyfiyyətinin və məhsuldarlığının azalmasına səbəb olur. Quraqlıq bitkilərdə su stressini gücləndirir, xəstəliklərə qarşı həssaslığın artmasına, zərərvericilərə qarşı müqavimətin azalmasına və məhsulun strukturunun ümumi zəifləməsinə səbəb ola bilir. Havanın quraq keçməsi siçanabənzər gəmiricilər aktivləşdirir. Bu, təkcə fermerlərin gəlir mənbəyinə təsir etmir, həm də daha geniş miqyasda ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Təxminən 1,3 milyard insanın - dünyanın 40 %-i  əsas gəlir mənbəyi kimi kənd təsərrüfatına güvəndiyi halda, quraqlıq bir çox insanın dolanışıq imkanlarını risk altına qoyur, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması sahəsində əldə olunan nailiyyətlərə kölgə salır". 

Seçilən
18
report.az

1Mənbələr