Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar. Onların törətdikləri cinayət əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.