AZ

Qurban Qurbanov: “Sumqayıtdan qələbə ilə dönmək çox xoşdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesablı qələbəyə sevindikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransından bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Soyuq havada çəkilən əziyyətdən sonra qalibiyyətlə dönmək çox xoşdur. Rəqib də bu gün sona kimi mübarizə apardı, inamını itirmədi. Hər iki komandanı dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm. Qarşıda hələ çox oyunumuz var. Hər bir futbolçumuz böyük istəklə çalışır. Oyunlar da onlar üçün bir şansdır”.

Qurban Qurbanov mümkün erkən çempionluqla bağlı sualı da cavablandırıb:

“Hələ çempionat davam edir. Vacib olan qarşıdakı oyundur. Addım-addım irəliləməyə çalışırıq. Bəzən heyətdə rotasiyalar edirik”.

Qurbanov vaxtilə futbolçusu olmuş Vaqif Cavadovun bu gün onun komandasına qarşı baş məşqçi kimi mübarizə aparmasına da münasibət bildirib:

“Çox xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Onları görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm”.

Cavadov bütün ümidini “Kəpəz”lə oyuna bağlayıb

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı oyunun şahidi oldular. Deməyə çox söz yoxdur. Çalışırıq. İnanıram ki, “Kəpəz”lə oyunda bunun bəhrəsini görəcəyik. Hər şey qaydasındadır. Sadəcə olaraq son nöqtəni qoya bilmirik. Bunun üzərində də çalışırıq. İmkanlarımız var, amma istifadə edə bilmirik. Səbr etmək lazımdır. Problemlər “Kəpəz”lə oyunda öz həllini tapmalıdır. Bütün fikrimiz həmin matça yönəlib. Hələ ki, komandanın “sükanı arxasında”yam. İnanıram ki, hər şey qaydasında olacaq.

“Kəpəz”ə məğlub olsaq, istefa verəcəyəmmi? Hər şey ola bilər. Əlbəttə, biz qalib gəlməliyik. Bunu futbolçular da dərk edirlər. İndi də istefa verə bilərəm. Futbolçuların əzmkarlığı, intizamı, sərgilədikləri oyun onu deməyə əsas verir ki, komanda hər şeyi edir. Sadəcə olaraq, qol imkanlarından istifadə edə bilmirik. Ruhdan düşmürük. Çox işləmək lazımdır. Komandanın bu durumdan çıxması üçün əlimdən gələni edəcəyəm. 200 faiz əminəm ki, komanda Premyer Liqada qalacaq.

“Sumqayıt”a təzə gələndə deyirdilər ki, Vaqif komandanı çətin durumdan çıxardı. İndi deyirlər ki, Vaqif təcrübəsizdir. Yaxşı günlər də olacaq, pis günlər də. Məşqçi belə yetişir. Rəhbərlik sağ olsun ki, hələ ki, dözür, inanır”.

Seçilən
27
arena.az

1Mənbələr