AZ

İgidlik, zəka və vətənpərvərlik simvolu

Azərbaycan qadınının aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir

Qadınlar həyatın mənası və gözəlliyidir. Onlar ülvilik, zəriflik və fədakarlığın rəmzidirlər. Azərbaycan qadını tarix boyu Vətənin müdafiəsində, dövlət idarəçiliyində və ictimai-siyasi həyatda mühüm rol oynayıb. “Kitabi-Dədə Qorqud” dastanında qadın qəhrəmanların cəsarəti və müdrikliyi təsvir olunub. Bu dastanda qadınlar həm ailənin dayağı, həm də döyüş meydanında igidlik göstərən döyüşçü kimi təqdim olunur. Tariximizdə iz qoyan qadınlardan biri Tomrisdir. O, Massagetlər dövlətinin hökmdarı kimi ordusunu düşmənə qarşı uğurla idarə edib. Onun İran hökmdarı II Kir üzərində qazandığı qələbə tarixə düşüb. Digər qəhrəman Azərbaycan qadını Nüşabə Albaniya hökmdarı kimi ölkəsinin müstəqilliyini qoruyub və düşmənlərə qarşı cəsarətli mövqe sərgiləyib. Möminə Xatun isə memarlıq və dövlətçilik sahəsində öz izini qoymuş hökmdar qadınlardan biridir. Sara Xatun diplomatiya sahəsində böyük nüfuz sahibi olub. O, Ağqoyunlu dövlətinin idarəçiliyində fəal iştirak edib və Osmanlı sultanı II Mehmetlə diplomatik danışıqlar aparıb. Nigar, Həcər və Tutu Bikə kimi qadınlar da öz dövrlərində fədakarlıqları ilə tanınıblar. Onlar yalnız ailələrini deyil, bütövlükdə xalqı və dövləti qorumaq üçün mübarizə aparıblar. Bütün bu tarixi şəxsiyyətlər Azərbaycan qadınının igidlik, zəka və vətənpərvərlik simvolu olduğunu göstərir. Onlar müxtəlif dövrlərdə öz hünərləri ilə xalqımıza örnək olublar. Bu gün də Azərbaycan qadını cəmiyyətin inkişafında, elmdə, siyasətdə və orduda fəal iştirak edərək həmin qəhrəmanların şanlı yolunu davam etdirir.

Qadın hərəkatının tarixinə baxsaq, onun 1857-ci ildə Nyu-Yorkda qadınların iş şəraitinə etirazı ilə başlandığını görərik. O vaxt qadınlar 12 saatlıq iş gününə qarşı çıxaraq daha ədalətli əmək şəraiti tələb edirdilər. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edib. 8 mart tarixi qadınların hüquqları və cəmiyyətdəki rolu ilə bağlı mübarizənin bir rəmzinə çevrilib. 1977-ci ildə BMT 8 martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan edib. Bu tarix qadınların cəmiyyətdə bərabər hüquqlara malik olması uğrunda aparılan mübarizənin nəticəsidir. Bu gün dünyada qadınların ictimai, siyasi və iqtisadi həyatda fəal iştirakı daha da genişlənir. Azərbaycan qadını da bu prosesdə öz layiqli yerini tutaraq ölkəmizin inkişafına mühüm töhfələr verir. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Qadınlara seçib-seçilmək hüququ verən ilk Şərq dövləti

Bu bayram təkcə qadınlara ehtiramın ifadəsi deyil, həm də onların cəmiyyətin inkişafında oynadığı mühüm rolun təsdiqidir. Azərbaycan qadınları tarix boyu cəmiyyətin müxtəlif sahələrində fəal iştirak ediblər. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti onlara seçib-seçilmək hüququ verən ilk Şərq dövləti olub. Bu, qadınların ictimai və siyasi həyatda daha fəal rol almasına imkan yaradıb. Azərbaycan qadını yalnız ailədə deyil, eyni zamanda, dövlətdə də mühüm mövqeyə sahib olub. Parlamentdə təmsil olunmaq hüququ qazanan qadınlar ölkənin idarəçiliyinə töhfə verməyə başlayıblar. Onlar maarifçilik, səhiyyə və mədəniyyət sahələrində də böyük işlər görüblər. Qadınlar sonrakı illərdə də dövlət idarəçiliyində, elmdə, incəsənətdə və digər sahələrdə fəallıqlarını artırıblar. Bu gün Azərbaycan qadını həmin ənənəni davam etdirərək ölkənin sosial və siyasi həyatında mühüm yer tutur.

Dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider

Bu inkişafda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu danılmazdır. O, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi diqqət yetirib və onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etməsi üçün geniş imkanlar yaradıb. Qadınların təhsil alması, elmdə, siyasətdə və iqtisadiyyatda irəliləməsi üçün mühüm addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev lider qadınların yetişməsinə şərait yaradıb. Ulu Öndər tərəfindən bununla bağlı xeyli sayda fərman və sərəncamlar imzalanmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da  qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”  Sərəncam imzalayan Ulu Öndər Heydər Əliyev eyni tarixdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərman imzalayıb.

Bu gün yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilən dövlət qadın siyasəti

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Dövlət siyasətində qadın hüquqlarının müdafiəsi və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsi prioritet istiqamətlərdən biri olub. Prezident İlham Əliyev qadınların ictimai və siyasi həyatda rolunun artırılmasına xüsusi diqqət yetirir. Onlar üçün yaradılan imkanların genişləndirilməsi və hüquqlarının qorunması istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib.  2006-cı ildə qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qadınların ictimai-siyasi və iqtisadi həyatda kişilərlə bərabər hüquqlara malik olmasını hüquqi əsaslarla təmin edib. Bu qanun gender bərabərliyinin təmin olunması üçün dövlətin öhdəliklərini və mexanizmlərini müəyyənləşdirib.   2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun isə ailə daxilində və cəmiyyətdə qadınların müdafiəsini gücləndirib. Bu qanun zorakılığa qarşı mübarizəni hüquqi çərçivəyə salaraq qadınların hüquqlarının daha effektiv qorunmasına imkan yaradıb.  Bu qanunların qəbul edilməsi cəmiyyətdə yeni düşüncə tərzinin formalaşmasına təkan verib. Qadın və kişi arasındakı bərabərliyin hüquqi və sosial müstəvidə daha geniş şəkildə qəbul edilməsi bir çox köhnəlmiş stereotiplərin qırılmasına səbəb olub. Bu islahatlar Azərbaycan qadınının cəmiyyətdə daha aktiv rol oynamasına və onların dövlət idarəçiliyi, biznes və digər sahələrdə daha geniş təmsil olunmasına şərait yaradıb.  Bu gün gender bərabərliyi siyasətinin davam etdirilməsi qadınların potensialının tam reallaşdırılması üçün mühüm amildir. Dövlət tərəfindən görülən tədbirlər Azərbaycan qadınının daha güclü, müstəqil və fəal olmasını təmin edir.

“Yumşaq güc”ün rəmzi...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz hərtərəfli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan qadınının nüfuzunu yüksəldir. Onun həyata keçirdiyi layihələr və xeyirxahlıq missiyası cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətinin dünyada tanıdılması üçün genişmiqyaslı işlər görür. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, təhsilin, səhiyyənin və sosial sahənin inkişafına yönəlmiş bir sıra mühüm təşəbbüslər həyata keçirir. Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş təbliğ olunur.   Ölkənin “yumşaq güc” siyasətinin əsas daşıyıcılarından biri olan Mehriban xanım Əliyevanın humanitar layihələri Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik tədbirləri təkcə ölkə daxilində deyil, həm də xaricdə bir sıra ölkələri və qitələri əhatə edir. Bu, Azərbaycanın mədəni diplomatiyasının güclənməsinə və dünya miqyasında daha çox dost qazanmasına imkan yaradır.  Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə bir çox sosial və humanitar layihələr reallaşdırılıb. Bu fəaliyyətlər təkcə milli maraqlara xidmət etmir, eyni zamanda, Azərbaycan qadınının mərhəmətini, xeyirxahlığını, yüksək əxlaqi və intellektual dəyərlərə malik olduğunu nümayiş etdirir.  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkənin sosial rifahına, mədəni və elmi inkişafına mühüm töhfələr verir. Bu fəaliyyət Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu göstərir və onların potensialının tam reallaşdırılması üçün geniş imkanlar açır.

Prezident İlham Əliyevin ötən il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanlandığı təbrikdə qeyd edildiyi kimi, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir: “Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.”

Nigar Orucova, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr