K.Əlioğlu
IX məqalə
Avropa geosiyasi məkanının qeyri-müəyyənliyi
Avropa mediası ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) qarşı hücumlarını davam etdirdiyi haqqında informasiyalar yayır. "El País" qəzetinin D.Trampın Aİ-ni düşmən adlandırması ilə bağlı məlumatı isə Brüsselin rahatlığını daha da pozub. Hətta D.Tramp Aİ-nin "Amerikanı narahat etmək üçün" yaradıldığını iddia edib. Bu kimi məlumatlara avropalı siyasilərin xüsusi həssaslıqla yanaşması səbəbsiz deyildir. Onlar hesab edirlər ki, D.Tramp bilərəkdən Amerika ilə Avropanın arasında "ayırıcı xətlər çəkir". Bu baxımdan "Politico" nəşrinin bir yazısı da ciddi narahatlıq doğurub. Amerika qəzeti yazır ki, Aİ Hindistanla azad ticarətlə bağlı saziş imzalamağa hazırlaşır. Bu, geniş əməkdaşlıq paketidir. Maraqlısı odur ki, bu əməkdaşlığı avropalı siyasilər ABŞ Prezidentinin atdığı addımlara qarşı akt adlandırırlar. Azad ticarət paketində Hindistanla uzunmüddətli strateji əməkdaşlıq layihələri yer alır. Aİ-Hindistan əməkdaşlığının həm də "Çinin aqressiv ticarət addımlarına" cavab olduğu vurğulanır.
Ekspertlər bu prosesləri təhlil etdikcə, Aİ-nin hazırda geosiyasi vəziyyətinin qeyri-müəyyən olması qənaətinə gəlirlər. Faktiki olaraq, indi Avroatlantika daxilində kəskin geosiyasi mübarizə gedir. Aİ-nin "ABŞ-ı narahat edən təşkilat" kimi yaradılması tezisi isə D.Trampın Avropanı Amerikaya qarşı illərdir mübarizə aparmaqda ittiham etməsi anlamına gəlir. Belə başa düşülür ki, Vaşinqton Avropanın birləşməsinin Çin və ya Rusiyaya qarşı deyil, məhz ABŞ-a qarşı olduğunu ifadə edir. Bu ittiham Avroatlantika tərəfdaşlığının təməl şərtlərini silkələyən addım kimi dəyərləndirilir.
Digər tərəfdən, Aİ-nin özünün Hindistan faktorundan Amerikaya qarşı istifadəyə girişməsi tərəflərin mübarizəsində yeni mərhələnin başladığını göstərir. Burada başqa cəhət Aİ-Hindistan tandeminin həm də Çinə qarşı olmasından ibarətdir. Nəticədə, Aİ-nin təşəbbüskarı olduğu maraqlı geosiyasi konfiqurasiyanın cizgiləri formalaşır. Onun özəlliyi İkinci Dünya müharibəsindən sonra ilk dəfə ABŞ və Aİ-nin fərqli geosiyasi düşərgədə təmsil olunmasından ibarətdir. Bundan başqa, həmin özəllik Aİ-nin əsas dövlətlərindən olan Fransanın Vaşinqtonla yeni geosiyasi oyuna başlamaq fikri ilə bağlıdır.
Bu məsələ Emmanuel Makronun Amerikaya səfəri zamanı D.Trampla müzakirə etdiyi məqamlarla əlaqəlidir. D.Tramp Fransanın Avropaya nəzarət iddiasına müsbət yanaşmır. Lakin kifayət qədər aktuallaşan Ukrayna məsələsini həll etmək gərəkdir. Bu faktor Vaşinqtonu Aİ-yə münasibətini korrektə etməyə təhrik edə bilər.
Lakin ABŞ-Aİ münasibətlərinin dinamikasına daha geniş kontekstdə baxdıqda, Ukrayna faktorunun da onları bir araya gətirə biləcəyinə şübhələr yaranır. Həmin rakursda bir neçə yeni fakta nəzər salmaq gərəkdir.
"Rəqabət kompası": "Europe united" və "America first"
"Rəqabət kompası" konseptini 2024-cü ilin sonlarında Brüssel Mario Draqinin məruzəsinin müddəalarını da nəzərə alaraq siyasi leksikona daxil edib. Burada Aİ-nin ABŞ və Çinlə geosiyasi, texniki, texnoloji və iqtisadi rəqabətdə geridə qaldığı əsas götürülür, Aİ-nin qalib olması üçün hansı addımların atılmasının lazımlığı vurğulanır. İndi bu məsələyə "Hər şeydən öncə Amerika" tezisi ilə "Birləşmiş Avropa" tezisinin rəqabəti kontekstində baxmağa çalışırlar (1). Geosiyasi aspektdə məsələnin bu cür qoyuluşu maraq doğurur.
Həmin rəqabətə ekspertlər həm də ona görə çox ciddi yanaşırlar ki, onun haqqında 2025-ci ilin yanvarında Davosda keçirilən iqtisadi forumda Ursula Fon der Lyayen danışıb. Avropa Komissiyasının Prezidenti, faktiki olaraq, "Europe united" ideyasını "America first"ə qarşı proqram kimi səsləndirib. O deyib: "Biz praqmatik olacağıq, ancaq həmişə öz prinsiplərimizə əməl edəcəyik. Öz maraqlarımızı və dəyərlərimizi qorumaq – bu, Avropa yoludur" (2).
Bu gedişatı ümumi şəkildə xarakterizə edən Aİ-nin yüksək səviyyəli rəsmisi aşağıdakı geosiyasi qənaətə gəldiyini bəyan edib: Amerika ilə Avropanın bir-birindən yüksək səviyyədə asılı olmasına baxmayaraq, artıq geniş bir məkanda və çoxlu sayda problemlər üzrə ciddi geosiyasi rəqabət gedir. Strateji xammal ehtiyatlarını ələ keçirmək uğrunda dünyanın böyük gücləri mübarizə aparırlar. Yeni texnologiyalar və qlobal ticarət yolları ilə bağlı da kəskin rəqabət özünü göstərir. Bu, "kvant texnologiyasından kosmosa, Arktikadan Cənubi Çin dənizinə qədər" geniş sahəni əhatə edir (2). U.Fon der Lyayen fikrini "Yarış davam edir!" kimi təntənəli mübarizə şüarı ilə sonlandırıb. Bununla proses çox ciddi rəng almağa başlayıb. D.Tramp çox qəzəblidir və Aİ-ni hətta kəskin ittiham edib. Onlardan biri belədir:
"Avropa "yaşıl fırıldaq" işlədir"
Bu ifadə həm Aİ-nin gələcəyi, həm də ABŞ-Aİ münasibətlərinin taleyi baxımından düşündürücüdür. Məsələ ondan ibarətdir ki, M.Draqinin də məruzəsində Aİ-nin Amerika və Çindən geridə qaldığı sferalardan birinin "yaşıl iqtisadiyyat" olduğu ifadə edilib. Buraya müasirliyin elm, təhsil, iqlim, yeni texnologiyalar, "yaşıl ölkə" layihəsi kimi məsələləri daxildir. Məlumdur ki, ABŞ iqlim sazişindən çıxıb. Vergi məsələsində də Avropaya təzyiqlər etməkdədir. Sərmayə qoyuluşunda öz standartlarını daxil edir. Bu o deməkdir ki, ABŞ-ın şirkətləri üçün bir qədər çətin vəziyyət yaranır.
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard Davosda deyib ki, Avropa iqtisadiyyatı üçün "ekzistensial böhran" təhlükəsi vardır. Bu şəraitdə təşkilat ABŞ ilə ticarət savaşına hazır olmalıdır. Amerikanın ticarət tarifi "selektiv və fokuslanmış xarakterdə olacaq" (1).
Burada Böyük Britaniya məsələsi də ön plana çıxır. Bu ölkəni Davos forumunda təmsil edən maliyyə naziri Reyçel Rivz qısaca deyib ki, "Britaniyaya sərmayə qoymağın vaxtıdır" (3). Bu məqsədlə R.Rivz "JP Morgan" və "Goldman Sachs" şirkətlərinin rəhbərləri ilə "yaşıl sərmayə" barədə müzakirələr aparıb. Onlardan başqa, Britaniya rəsmisi ABŞ-ın və Fars körfəzi ölkələrinin sərmayədarları ilə də görüşüb.
Deməli, Böyük Britaniya da Aİ-nin yeni "yaşıl kurs" strategiyasını dəstəkləyir. Lakin məhz bu kursu D.Tramp "yaşıl fırıldaq" adlandırıb. Buna qarşılıq Amerika rəhbərliyi neft və qaz istehsalını, elektrik enerjisi stansiyalarının tikintisini inkişaf etdirməyi və Amerikanı "süni intellekt paytaxtı"na çevirməyi planlaşdırır.
Strateji qarşıdurma
Göründüyü kimi, ABŞ ilə Aİ-nin geosiyasi rəqabəti getdikcə daha geniş və dinamik xarakter alır. Əvvəllər dillərinə gətirmədikləri ittihamları indi açıq deyirlər. Onlardan görünür ki, uzun illərdir Amerika ilə Avropa arasında dərin qatlarda ciddi geosiyasi, iqtisadi və siyasi ziddiyyətlər mövcud imiş. Bu da şüurlarda Aİ-nin inkişafında Amerikanın maraqlı olduğu təəssüratını yaratmışdı. İndi bu təəssürat tamamilə darmadağın olur. Hətta tərəflərin bir-birinə münasibətinin çox sərtləşdiyi bir mərhələ də başlaya bilər.
Məsələn, Aİ Hindistanla strateji əməkdaşlığı birbaşa ABŞ-a qarşı yönəldə bilər. Bu da təbii olaraq Vaşinqtonun Hindistana balans ola biləcək strateji tərəfdaş axtarması ehtiyacını yaradır.
Bu, Rusiya ola bilər. Əgər bu proqnoz özünü doğrultsa, tarixdə ilk dəfə olaraq qlobal geosiyasi proseslərdə maraqlı mənzərə yaranmış olur. Avrasiyada ABŞ-Rusiya tandemi Aİ-Hindistan tandeminə qarşı çıxış edir! Burada həlledici təsir Çinin tutduğu mövqedən asılı olacaqdır.
Ancaq bunun da geosiyasi vəziyyəti tam əhatə etdiyini düşünmək çətindir. Çünki Yaponiya, Türkiyə, İran, Pakistan və başqa ciddi geosiyasi güclərin mövqeyinin də bütöv mənzərəyə təsiri olacaqdır.
Bununla, əslində, ABŞ-Aİ geosiyasi qarşıdurmasının qlobal miqyasda mürəkkəb situasiya yarada biləcəyini demək olar. Belə bir vəziyyətdə Aİ "ekzistensial risk"lərlə üz-üzə qala bilər. Onların yaranmasında yalnız ABŞ ilə qarşıdurma deyil, həm də Çin-Hindistan-Pakistan "üçbucağı"nda gedəcək proseslər və Türkiyə-Aİ-ABŞ münasibətləri rol oynayacaqdır.
Ümumiyyətlə isə analitiklər maraqlı bir ssenaridən bəhs edirlər. Onlar vurğulayırlar ki, adətən, dünya nizamı Avropa "mətbəxində" hazırlanırdı. 2050-ci ildə isə dünyanın ən fəal iqtisadi məkanı Hindistanla Çin sərhədləri ola bilər. Bununla da dünya nizamının "mətbəxi Şərqə doğru dəyişə bilər" (4).
Bu proqnoz özünü doğrultduğu halda Avropa İttifaqının perspektivlərinin heç ABŞ ilə münasibətlərdən də asılı olmayacağı ehtimalı artır. Deməli, təşkilat gələcək mövcudluğu haqqında geniş və ciddi düşünməlidir!
Mənbələr
- Белов, Владислав. Давос 2025 как концентрированное выражение неопределенности геополитики / Российский совет по международным делам (РСМД), 30 января, 2025.
- Von der Leyen on Trump: EU will be 'pragmatic' but protect its interests / Euronews, January 21, 2025.
- UK's Reeves to tell Davos: 'time to invest in Britain is now' / Reuters, January 21, 2025.
- Дынкин, А. Трансформация мирового порядка: экономика, идеология, технологии / Российский совет по международным делам (РСМД), 11 сентября, 2024.