Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Xanım səfir, Meksika və Azərbaycan arasında əməkdaşlığı, o cümlədən siyasi münasibətləri necə dəyərləndirirsiniz? İki ölkə arasında əlaqələrin genişləndirilməsi və yeni mərhələyə keçilməsi üçün hansı imkanlar var?
- Ölkələrimiz arasında əlaqələr ən yaxşı dönəmlərindən birini yaşayır. Bir neçə gün öncə diplomatik münasibətlərimizin 33 illiyi, keçən ilin oktyabr ayında isə Səfirlik vasitəsilə Meksikanın Azərbaycanda təmsil olmağının 10 illiyini qeyd etdik.
Siyasi dialoq baxımından əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək bir sıra layihələrin astanasındayıq, həmçinin, əməkdaşlığımızın yeni yollarını kəşf etməyə imkan verən hüquqi bazanın genişləndirilməsi nəzərdə tutulub. Rəsmilərin qarşılıqlı səfər mübadiləsi gözlənilir ki, bu da ölkələrimiz arasında siyasi məsləhətləşmələr mexanizminin 4-cü mərhələsinin keçirilməsi üçün danışıqların başlayacağı deməkdir. Bu dəfə belə əhəmiyyətli görüşün Bakıda keçirələcəyi planşadırılır ki, bunun üçün də son iki il ərzində gördüyümüz işin nəticəsini heyət rəhbərlərinə təqdim etmək üçün inamla çalışırıq.
- Meksika və Azərbaycan parlament səviyyəsində əməkdaşlıq edirmi?
- Bəli. Parlamentlərarası iş münasibətlərin gücləndirilməsinə mühüm töhfə verib. 2024-cü ildə Meksika və Azərbaycanda qanunverici orqanlara seçkilər keçirilib və nəticədə yeni dostluq qrupları formalaşıb.
Yeri gəlmişkən, Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun sədri vəzifəsinə millət vəkili Jalə Əliyevanın yenidən seçilməsi və qrup üzvlərinin təyin olunması münasibətilə bir daha təbriklərimizi çatdırırıq.
Meksika Konqresi Azərbaycanla əlaqəli mövzuların aparılması üçün müvafiq qrupu təyin edəcək və Meksika tərəfindən bu mexanizmə kimlərin rəhbərlik edəcəyini yaxın zamanlarda tanıyacağımıza ümidvarıq. Bundan əlavə, qeyd etmək vacibdir ki, keçən ilin noyabr ayında keçirilmiş İqlim Dəyişiklikləri haqqında Birləşmiş Millətlərin Konfransı çərçivəsində gələn Meksika heyəti tərkibində millət vəkilləri qrupu da yer alıb və onların millət vəkili Jalə xanım Əliyeva ilə görüşü baş tutub. Yaşıl gündəlik və Meksika ilə əməkdaşlıq prioritetləri nöqteyi-nəzərdən əhəmiyyətli mövzular haqqında ideyaların mübadiləsi baxımından məhsuldar bir görüş oldu.
- İki ölkə arasında hərbi əməkdaşlıq mümkündürmü?
- Hazırda bu sahədə əməkdaşlığı genişləndirməyə imkan verəcək hüquqi alət Meksika və Azərbaycanın Müdafiə Nazirlikləri tərəfindən müzakirə olunur. Zamanında bu mövzuda olan irəliləyişlər barədə məlumat verəcəyəm.
- Meksikanın Azərbaycan-Ermənistan sülh prosesinə münasibəti necədir?
- Diplomatik münasibətlərin normallaşması və sülh sazişinin imzalanması məqsədilə hər iki ölkə arasında aparılan danışıqları Meksika yaxından izləyir. Müxtəlif ölkələrə yüksək səviyyəli rəsmilərin həyata keçirdiyi səfərlər vasitəsilə danışıqların inkişafı barədə Azərbaycanın beynəlxalq ictimaiyyəti məlumatlandırmaq səylərini qeyd edirik. İrəliləyişləri diqqətlə izləyəcəyik.
- Sizin ölkənin Cənubi Qafqazda əsas marağı nədən ibarətdir?
- Qafqaz Asiya, Avropa və Orta Şərqi özündə ehtiva edən təkrarsız coğrafi yerləşməsinə görə maraq doğuran ərazidir. Təchizat zənciri üçün çox əhəmiyyətli tranzit məkan olduğundan onun strateji dəyərini tanıyırıq. Logistika baxımından iddialı infrastruktur layihələri böyük imkanlı logistik alternativləri təqdim edir: misal üçün, Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqazı Avropa ilə birləşdirən qaz kəməri (SCP).
Meksika üçün Azərbaycan Qafqazın böyük imkanlara malik olan ölkəsidir. Ölkənin ixrac edə biləcək enerji sərvətləri və artıq qeyd etdiyim kimi, əlverişli yerləşməsi var, bununla da ölkə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya doğru böyük əhəmiyyət kəsb edən logistik qovşağa çevrilib. Bu aspektlərdən bir çoxları Meksika Prezidentinin Meksika Planı kimi tanınan strategiyası tərəfindən irəli sürünür və məqsəd ölkəni iqtisadi inkişaf, sosial bərabərlik və dəgir mövzularda regionun lideri kimi möhkəmləndirmək, eyni zamanda, prezidentlik dövrünün altıncı ilinin tamamında ölkə iqtisadiyyatını dünya onluğunda qərarlaşdırmaqdır.
- Xanım səfir, Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın səviyyəsindən razısınızmı?
- Son illərdə iqtisadi əməkdaşlıqda müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ticari əlaqələri gücləndirmək və mübadilə imkanlarından tam şəkildə yararlanmaq üçün hələ də böyük potensial var.
2024-cü ildə ikitərəfli ticarət 239.2 milyon dollara çatıb, bu da əvvəlki il ilə müqayisədə 341.9% faiz, Səfirliyin Bakıda açıldığı 2014-cü il ilə müqayisədə isə 3,222.2% artım deməkdir. Hazırda Meksika Azərbaycanın Latın Amerikasındakı əsas ticari tərəfdaşıdır. Şübhəsiz, Meksikanın Latın Amerikasında ikinci ən böyük iqtisadiyyatı və dünya üzrə əsas ixracatçılardan biri olmağını nəzərə alaraq daha böyük sinergetikaları inkişaf etdirə bilərik.
Qafqazdakı strateji yerləşməsi və təbii sərvətlər zənginliyi olan Azərbaycanın enerji kimi əsas sektorlarla birgə inkişafda olan iqtisadiyyatı var. Azərbaycanın həyata keçirdiyi iqtisadi diversifikasiya siyasəti çərçivəsində Meksika özünün sənaye gücü, strateji sektorların inkişafında təcrübəsi (istehsal, avtomobil və kənd təsərrüfatı sənayeləri), həmçinin beynəlxalq ticarət sazişlərinin geniş şəbəkəsində iştirakına görə ticari tərəfdaş kimi vacib rol oynaya bilər.
- İki ölkənin qarşılıqlı ticarət imkanlarından tam istifadə olunurmu?
- Müəyyən edilmiş ticari imkanlardan hələ ki tam olaraq istifadə olunmayıb. Belə vəziyyətin səbəblərindən biri coğrafi məsafə, hər iki ölkənin bazarları haqqında qarşılıqlı biliklərin əskikliyi, mal və xidmətlər mübadiləsini asanlaşdıracaq xüsusi ticari sazişlərin olmamasıdır. Buna baxmayaraq, iqtisadi əməkdaşlığı gücləndirməyə dair artan maraq mövcuddur. Hazırda ticari imkanlardan daha yaxşı yararlanmaq üçün Meksika və Azərbaycanın iş adamları icmaları arasında münasibətlərin genişləndirilməsi prosesindəyiq.
Məqsədimiz qarşılıqlı iş adamları missiyaları, asosiasiyalar arasında əlaqələri, ticarət sərgilərində iştirakı həvəsləndirmək, logistik bağlantılara təkan vermək, mal və xidmətlər mübadiləsini asanlaşdıracaq sazişləri müəyyənləşdirməkdir.
- Meksika Azərbaycandan, Azərbaycan Meksikadan nə alır?
- İkitərəfli ticarətin əsas elementləri energetika və maşınqayırma sənayesi məhsulları, yeyinti məhsullar və içkilərdir. Azərbaycan tərəfindən idxal olunan əsas Meksika məhsulları avtomobillər, neft-qaz sənayesi üçün nasos-kompressor boruları, alkoqollu içkilər, xüsusən də yerli istehlakçılar arasında məşhurlaşan tekila və mezkaldır. Eyni zamanda, noxud və avokado kimi kənd təsərrüfatı məhsulları da ixrac olunur. Meksikanın Azərbaycandan əsasən idxal etdiyi alüminium təbəqə və zolaqlar, qaz turbinləri, çap maşınları, polimerlər və plastik məhsullardır.
- Meksika şirkətləri işğaldan azad olunan Qarabağ bölgəsinə sərmayə qoya qoya bilərmi?
- Bu qərarı Meksika şirkətləri öz biznes planlarına əsasən qəbul etməlidirlər. Hesab edirik ki, Meksika şirkətlərinin imkanlar tapa biləcəkləri bəzi sektorlar mövcuddur. Tikinti və infrastruktur sahəsinə gəldikdə, bəzi şirkətlər yolların, yaşayış binalarının və şəhər mərkəzlərinin inşasında iştirak edə bilər. Enerji sektoruna gəldikdə isə bərpaolunan enerji mənbələri layihələrin inkişafı günəş və külək enerjisində ixtisaslaşmış Meksika şirkətlərini cəlb edə bilər. Həmçinin, aqrar sənayedə də potensial mövcuddur.
Digər maraq doğuran sahə isə turizmdir, eyni zamanda, eko-turizm və otel inkişafı üçün potensialı da qeyd edirik. Fürsətdən istifadə edərək Azərbaycan şirkətlərini sərmayə istiqaməti kimi Meksikanın təklif etdiyi geniş imkanları kəşf etməyə dəvət etdirəm. Dayanıqlı daxili bazarı, müxtəlif ticari sazişlərə imtiyazlı keçidi və inkişaf etmiş infrastrukturla biz Latın Amerikasının ən dinamik iqtisadiyyatlarından biriyik.