Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 14-cü turunun oyunlarına dair bəzi qərarlar qəbul olunub.
Arena.az xəbər verir ki, 14-cü turun oyunlarındakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:
“Qusar” – “Füzuli” oyununda xərəkdaşıyanlar olmadığına görə “Qusar” komandası 80 manat cərimə edilib. “Qusar” – “Füzuli” oyunu “Qusar” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığı üçün sözügedən komanda 80 manat cərimə edilib. “Qusar” – “Füzuli” oyunu “Füzuli” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığı üçün “Füzuli” komandası 80 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz” komandası təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmadığı üçün “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. “Kür-Araz” komandası buna görə 400 manat cərimə edilib.
“Hypers Quba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Hypers Quba”nın futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. Quba komandası buna görə 300 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Hypers Quba”nın digər futbolçusu Sənan Aslanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Hypers Quba” buna görə də 300 manat cərimə ödəyəcək. “Hypers Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Quba komandası 150 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in futbolçuları qalib gəldikləri matçda rəqib azarkeşləri qıcıqlandıran hərəkətlər etdiklərinə görə “Şəmkir” klubuna xəbərdarlıq edilib.
“Şəki Siti” – “Lerik” oyununda “Şəki Siti”nin 5 futbolçusu sarı vərəqə aldığına görə Şəki komandası 70 manat cərimə edilib.
“Ağdaş” – “Şimal” oyunu meydan sahibi “Ağdaş” komandası vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün “Ağdaş” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. “Ağdaş” komandası 250 manat cərimə də ödəməlidir.