1917-ci il dekabrın 17-də ABŞ konqresi Konstitusiyaya 18-ci dəyişikliyi qəbul etdi. Bu dəyişikliyə görə, ölkə ərazisində spirtli içkilərin istehsalı, satışı, daşınması qadağan edilirdi. Amma həmin Konstitusiyaya əsasən, dəyişikliyin qüvvəyə minməsi üçün ştatların üçdə dördü tərəfindən bəyənilməsi lazım idi. Həmin vaxt ştatların sayı 48 idi və 36 ştatın təsdiqi tələb olunurdu. Bu tələb 1919-cu il yanvarın 16-da yerinə yetirildi (ümumiyyətlə, 46 ştat dəyişikliyin lehinə çıxdı, yalnız Rod-Aylend və Konnektikut rədd etdi). Bir il sonra, 1920-ci il yanvarın 17-də dəyişiklik qüvvəyə mindi.
Sonrakı hadisələr göstərdi ki, bu qanundan ən çox xeyir görən mütəşəkkil cinayətkarlar – mafiya oldu. Mafiya tarixini araşdıran mütəxəssislərin demək olar ki, hamısı belə bir fikirdə həmrəydirlər ki, əgər bu dəyişiklik olmasaydı, Amerika mafiyası heç vaxt bu qədər qüdrətli ola bilməyəcəkdi. Ölkədə “butlegerlik” adını alan gizli alkoqol istehsalı, qaçaqmalçılığı, satışı çiçəklənməyə başladı. Bu fəaliyyət mafiyaya milyonlar qazandırırdı.
Belə nəhəng qazanc təbii ki, həm də rəqabət, düşmənçilik doğururdu. Müxtəlif cinayətkar qruplar daha çox qazanmaq üçün bir-birləri ilə mübarizə aparırdılar. Restoranları rəqiblərin deyil, məhz onların malını almağa məcbur edirdilər, bir qrupun Kanadadan və ya başqa ölkədən gətirdiyi içkiləri başqa qrup ələ keçirməyə çalışırdı və s. Bütün bunlar sonda silahlı toqquşmalara, mafiya müharibələrinə səbəb olurdu.
1920-ci illərdə Çikaqoda spirtli içki satışı uğrunda Al Kaponenin italyan mafiyası ilə Baqsi Moranın irland-alman mafiyası arasında mübarizə və müharibə gedirdi. Günlərin birində Kapone və adamları Baqsi Moranı aradan götürmək üçün olduqca hiyləgər bir plan qurdular. Plan qurulandan sonra isə Kapone özünə alibi təmin etmək üçün Floridaya getdi.
Kapone qrupunun üzvü olmayan, amma gizli şəkildə ona işləyən adamlar Moranın dəstəsi ilə əlaqə saxlayaraq qaçaqmal yolu ilə ölkəyə gətirdikləri viskini onlara satmaq istədiklərini dedilər. Görüş fevralın 14-də (1929-cu il) saat 10.30-a, Moran dəstəsinə məxsus anbarlardan birinə təyin edildi.
Həmin gün anbarda 7 nəfər potensial satıcıları gözləyirdi. Amma bu zaman anbarın yanında polis maşını dayandı və oradan iki nəfər polis, iki nəfər də mülki formada düşdü. Onlar anbara girdilər və irlandlara üzlərini divara çevirərək düzlənməyi əmr etdilər. Kapone dəstəsinin üzvləri olan bu adamları polis zənn edən irlandlar dinməz-söyləməz tabe oldular və dərhal gülləbarana tutuldular. Bundan sonra həmin dörd nəfər saxlanma səhnəsini imitasiya etdilər. Mülki formada olan iki nəfər əllərini qaldıraraq irəlidə, iki polis də silahları hazır vəziyyətdə arxada anbardan çıxdılar. Ətrafda yaşayan və atəş səslərini eşidən sakinlər pəncərədən boylananda polisin sanki iki nəfəri tutub maşına mindirərək apardıqlarını gördü.
Cinayət yerinə həqiqi polis gələndə 7 nəfərdən biri, Frenk Quzenberq hələ sağ idi. Polis xəstəxanada ondan soruşanda ki, sizə kim atəş açıb, Quzenberq mafiya qanunlarına uyğun “heç kim atəş açmayıb” dedi və bir qədər sonra öldü.
Hadisə böyük ajiotaj doğurdu, bir çoxları qətliamın həqiqətən polis tərəfindən törədildiyinə inanırdı. Çikaqo polisi öz reputasiyasını təmizləmək üçün bütün polis silahlarını o vaxt yeni-yeni tətbiq olunan ballistik ekspertizadan keçirməli oldu. Bu qədər qanlı və rezonanslı qətlin həyata keçirilməsi bir çox mafiya liderlərinin də narazılığına səbəb oldu. Zatən onların çoxu Kaponeni adekvat adam hesab etmirdilər.
Cinayətin üstü açılmadı. Qətlin bilavasitə icrasına rəhbərlikdə əsas şübhəli şəxs sayılan Fred Berk 1931-ci ildə polis zabitini öldürməyə görə ömürlük həbs cəzası aldı və 1940-cı ildə öldü.
Əslində plan istənilən kimi alınmadı, çünki əsas məqsəd Baqsi Moranı öldürmək idi. O isə görüşə bir qədər gecikmiş və anbara yaxınlaşanda polis maşınını görüb geri qayıtmışdı.