Bu gün Ali Məhkəmədə jurnalist Cəmil Məmmədlinin kassasiya şikayətinə baxılıb.
Cəmil Məmmədlinin vəkili Aqil Layıc Qaynarinfo-ya bildirib ki, jurnalistin şikayəti təmin olunmayıb.
Cəmil Məmmədli kassasiya şikayətində məhkum edildiyi 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddə üzrə bəraət hökmünün çıxarılmasını, 221.2.2-ci maddəyə gəlincə isə əməlin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif edilməsini istəyirdi.
Cəmil Məmmədli 2023-cü ilin noyabrında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.
182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət alan jurnalist digər maddələrlər təqsirli bilinirək, 6 il 12 gün müddətində azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Cəmil Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, peşə faəliyyətinə görə həbs edildiyini bildirir.