“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. “Turan Tovuz” çox yaxşı komandadır, onlara qarşı oynamaq çətindir. Ağır oyun oldu. Olduqca vacib 3 xal qazandıq. Sıx qrafikdən keçirik. Bəlkə də ən çətin qrafik bizdədir. 4 gün sonra “Səbail”lə oyunumuz var. Tez bir zamanda həmin matça hazırlaşmalıyıq.
Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi. Burada oynamaq çox çətindir. Rəqib son 15 dəqiqədə önə atıldı. Onların uzun ötürmələrində səhvsiz oynadıq. Çempionatda heç kim bu sistemlə oynamır. Bir komandaya qarşı xüsusi hazırlaşmaq asan deyil. Futbolçularım əllərindən gələni etdilər.
Məqsəd İsayev və İssa Cibrilla bizim əsas oyunçularımızdandır. Rəqibə və limitə uyğun rotasiyalar edirik. Başqa rəqib olsaydı, bu gün onların ikisi də eyni anda meydanda olmayacaqdı. Məndə 11 əsas futbolçu deyə bir şey yoxdur. Bütün futbolçulara bu şəkildə yanaşmağa çalışırıq. Belə məqamlarda faydasını görürük”.
Rəşad Sadıqov Tyaqo Silvanın əsas heyətdə yerini itirməsinə də münasibət bildirib:
“Heç bir problem yoxdur. Dəfələrlə demişəm, yenə deyirəm. Aydın yaxşı performans göstərir. Amma bizim 1 nömrəli qapıçımız Tyaqodur. Limitə görə onu oynada bilmirəm. Tyaqo özü də bu durumu başa düşür. O, komandanın liderlərindən biridir”.
Rəşad Sadıqov Salifu Sumaya Türkiyənin “Fənərbağça” klubundan təklif gəldiyinə dair xəbərlərə də toxunub:
“Bizə “Fənərbağça”dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. “Dinamo”dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin”.
“Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır”
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev isə “Zirə”yə məğlubiyyətə belə şərh verib:
“Zirə” kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. “Zirə”ni layiqli qələbə münasibətilə təbrik edirəm.
Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik.
Müdafiə xəttimizdə müəyyən problemlər var. Bunları müzakirə edirik və aradan qaldırmağa çalışırıq”.