Epilepsiya xəstəliyindən əziyyət çəkən Ucar sakinin əlillik müavinəti kəsilib, müraciətləri isə cavabsız qalıb.
Xezerxeber.az-ın məlumatına görə, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimov deyir ki, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinəti dayandırılıb.
Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət etdib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.
Məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən də münasibət bildirib.
Qeyd edilib ki, Ucar rayon sakini 1964-cü il təvəllüdlü Həşimov Mahir Abdulkərim oğlu ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişində ekspertiza üçün əhəmiyyətli məlumatlar qeyd edilmədiyi üçün elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib.
O da qeyd edilib ki, Mahir Həşimovun əyani müayinəsi aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.