Kanadada neft sahəsində texnoloji həllər hazırlayan “Advanced Upstream Ltd”nin rəhbəri, həmyerlimiz Ceyhun Nəcəfli Kral III Çarlzın Taxt-Tac Qoyma Medalı ilə təltif edilib. Albertanın İmmiqrasiya və Multikulturalizm naziri Məhəmməd Yasin tərəfindən təqdim olunan mükafat, yaşadığı cəmiyyətə əhəmiyyətli töhfələr vermiş şəxslər üçün nəzərdə tutulubr.
Ceyhun Nəcəfli, nüfuzlu laureatlar arasında olmaqdan dərin təvazökarlıq hissi keçirdiyini bildirir: “2012-ci ildə Kanadaya köç etdiyim gündən bəri, mənə bu qədər çox şey bəxş etmiş ölkəyə geri qaytarmaq üçün daim çalışmışam. İstər sahibkarlıq, istər iş yerlərinin yaradılması, istərsə də ictimai təşəbbüslər vasitəsilə məqsədim başqalarına dəstək olmaq və daha güclü, daha inklüziv bir cəmiyyət qurmaq üçün töhfələr vermək olub”.
C.Nəcəfli etimada görə Alberta hökumətinə və nazir Məhəmməd Yasinə minnətdarlığını bildirib. Qeyd edib ki, Kanada ona inkişaf etmək, töhfə vermək və qonaqpərvər bir cəmiyyətin bir hissəsi olmaq fürsəti bəxş edib: “Bu mükafat təkcə şəxsi nailiyyət deyil, eyni zamanda xidmətin, inklüzivliyin və geri qaytarmağın vacibliyini xatırladan bir simvoldur. Bu yolda irəliləməyə və daha çox töhfə verməyə davam etməyi səbirsizliklə gözləyirəm. Xüsusi gündə illərdir bir çox ictimai layihələrdə birgə çalışdığım Tom Uotkinsin mənə yoldaşlıq etməsi mənim üçün ayrıca bir qürur mənbəyi oldu. Onun müsbət dəyişikliklər yaratmaq uğrundakı fədakarlığı və sədaqəti həmişə mənim üçün ilham mənbəyi olub və onun dəstəyinə, tərəfdaşlığına görə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, C.Nəcəfli Kanadada neft sahəsində texnoloji həllər hazırlayan “Advanced Upstream Ltd” və xarici dil öyrədilməsi proqramı olan “SpellQuiz”in yaradıcısı, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəridir. Öz şirkətlərini qurmamışdan öncə 15 ilə yaxın “Schlumberger”, 5 il “Baker Hughes” kimi qlobal şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.
Ceyhun Nəcəflinin həyat hekayəsini bu linkdən oxuya bilərsiniz.