Son 3 ayda "qara zolaq"da olan "Sumqayıt" daha bir antirekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi qol vura bilməməsinin acısını çəkib. 

Belə ki, "Sumqayıt"ın srağagün Misli Premyer Liqasının XXV turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzmasna görə, Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib. Bu, yarışın rekordu sayılır.

Sözügedən klublar indiyədək 50 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmalarda texniki nəticə nəzərə alınmasa, "Qarabağ" 124, Sumqayıtın eyniadlı komandası isə 23 qol vurub.

İki komanda arasındakı görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114:46.

Qeyd edək ki, "Sumqayıt" son 11 görüşdə (9-u Premyer Liqada, 2-si ölkə kubokunda) nəinki qələbə qazana bilməyib, heç rəqib qapılarına yol tapmağı bacarmayıb.