Həmkarım Mübariz Qurbanlının təklifini yüksək qiymətləndirirəm. Əgər işləmək, cəmiyyətə faydalı olmaq istəyən qadını həyat yoldaşı işləməyə qoymursa, bunun bir bədəli olmalıdır. Əgər kişi qadına işləmək imkanı yaratmayıb, icazə verməyibsə, onda əziyyət çəksin onun bədəlini ödəsin.
Bu sözləri Tribunainfo.az-a Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı həmkarı Mübariz Qurbanlının işləməsinə icazə verilməyən qadınların həyat yoldaşlarının əmək haqqından qadının pensiya fonduna əlavə edilməsi təklifi barədə danışarkən deyib. Millət vəkili bildirib ki, bu təklifin üzərində düşünmək lazımdır:
“Azərbaycan cəmiyyəti bəlkə də millət vəkili Mübariz bəyin bu təklifinə hələ də hazır deyil. Bəlkə də hamıya bu təklif qəribə gəlir və düşünürlər ki, bu necə ola bilər. Ancaq bu təklifin üzərində düşünmək olar. Mən uzun illər qadınlarla işləmişəm və Qadın Cəmiyyətinin sədri olaraq qadınlarımızın ali təhsilli olduğu halda, magistratura, doktorantura oxuduğu halda ailə həyatı qurduqdan sonra həyat yoldaşının arzusuna uyaraq işləmədiyinin şahidi olmuşam. Bəzən də yoldaşları buna icazə verməyib. Bəzi hallarda qadınlarımız özləri də bu həyatı seçirlər və onlara belə yşamaq rahat gəlir.
Ancaq həyat müxtəlif sürprizlərlə doludur. Bir qadın kimi başımıza sabah nə gələcəyini bilmirik. Bəzən qadınlarımız elə faciələrlə üzləşir ki, ailəni idarə etmək məcburiyyətində qalırlar. Bəzən ayrılmaq məcburiyyətində də qalırlar. Bu kimi hallarda qadınlar həyatın çox çətinlikləri ilə üzləşirlər. Ona görə də hesab edirəm ki, birinci növbədə əgər qadın ali təhsillidirsə, mütləq işləməlidir. Cəmiyyətə yararlı olmalıdır təhsilli qadınlarımız.
İqtisadi baxımdan müstəqil qadın güclü qadındır və güclü qadın da güclü övlad yetişdirir, cəmiyyət üçün daha faydalı olur. Təhsilli qadın toplum üçün savadlı insan yetişdirir.
Həmkarım Mübariz bəyin təklifini bu baxımdan çox yüksək qiymətləndirirəm. Əgər işləmək, cəmiyyətə faydalı olmaq istəyən qadını həyat yoldaşı işləməyə qoymursa, bunun bir bədəli olmalıdır. Əgər kişi qadına işləmək imkanı yaratmayıb, icazə verməyibsə, onda əziyyət çəksin onun bədəlini ödəsin. Bu təklifin üzərində düşünmək olar. Hesab edirəm ki, müzakirələr aparıla bilər”.
Nigar