Bakı, 5 mart, AZƏRTAC
Dövlətin məşğulluq siyasətinin əsas məqsədlərindən biri əhalinin məşğulluğunun təmin edilməsi, onların rifahının yaxşılaşdırılmasıdır. Dövlət Məşğulluq Agentliyinin də əsas istiqamətlərindən biri aktiv məşğulluq tədbirlərindən istifadə etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev paytaxtda təşkil edilən növbəti əmək yarmarkasının açılış mərasimində çıxış edərkən bildirib.
S. Əliyev növbəti əmək yarmarkalarından birinin də bu gün Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edildiyini deyir: "Əmək yarmarkalarının məqsədi işsiz və işaxtaran şəxslərin işəgötürənlərin vakansiya tələbinə uyğun olan iş yerləri ilə görüşünün təşkil edilməsi, onların məşğulluğuna dəstək göstərilməsini həyata keçirməkdən ibarətdir. Bu gün 60-dan çox iştirakçı yarmarkada təmsil olunur. Yarmarka iştirakçıları özlərinin bilik və bacarıqlarına uyğun, əmək bazarında bu gün ən çox tələb olunan iş yerləri ilə tanış olacaqlar".
Agentliyin İdarə Heyətinin sədri ötən il 144 əmək yarmarkası keçirildiyini xatırladıb. Müsbət hal ondan ibarətdir ki, əmək yarmarkalarında xeyli vətəndaş işlə təmin olunub. Cari ilin iki ayı ərzində 32 yarmarka keçirmişik. Qarşıdakı dövrdə də proqrama əsasən silsilə xarakterli yarmarkalar keçirməyi planlaşdırırıq. Əminəm ki, bu gün də xeyli vətəndaş işlə təmin olunacaq".