AZ

Trampdan Qrenlandiya açıqlaması - Mövzuya Danimarkadan da münasibət var

Əgər xalqın belə bir istəyi olarsa, Birləşmiş Ştatlar Qrenlandiyanı öz tərkibinə qatmağa razıdır.

Xezerxeber.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Konqresə müraciəti zamanı deyib.

“Gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Əgər bizi seçsəniz, sizi Amerika Birləşmiş Ştatlarında salamlayacağıq”, - deyə Donald Tramp Danimarka adasının sakinlərinə xitab edərək bildirib.

O, həmçinin ABŞ-nin Qrenlandiyanı bu və ya digər şəkildə “alacağını” vurğulayıb.

ABŞ Prezidenti daha əvvəl Danimarkanı Qrenlandiyadan imtina etməyə çağırmışdı. Ağ ev rəhbərinin fikrincə, bu, Birləşmiş Ştatların milli maraqları baxımından vacibdir.

Qeyd edək ki, adada keçirilən ictimai rəy sorğularının nəticələrinə görə, qrenlandiyalıların əksəriyyəti ABŞ-nin bir hissəsi olmaq istəmir. Danimarkanın hakimiyyət orqanları da adanın Birləşmiş Ştatların tərkibinə qatılması məsələsinə sərt reaksiya verib.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen isə Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə birgə mətbuat konfransında bildirib ki, Qrenlandiyanın qərarının nə olacağına dair çox nikbindir. 

Diplomat bildirib ki, Danimarka Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət edir.

“Biz Şimalda və Arktikada təhlükəsizlik məsələlərinə gəldikdə amerikalı dostlarımızla işləməyə hazırıq”, - Rasmussen vurğulayıb.

 

Seçilən
34
xezerxeber.az

1Mənbələr